Sentyabrın 5-də Azərbaycan Britaniya Kollecində yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin tərəfdaşı olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollecin direktoru Sigve Austheim 470 şagirdin təhsil aldığı məktəbdə 20 nəfərdən çox xarici mütəxəssisin işlədiyini deyib. Bildirib ki, şagirdlərin əksəriyyətinin əla nəticə göstərmələri məktəbdəki tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu əyani şəkildə sübut edir.
SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğıdan söz açıb, Britaniya Kollecinin qazandığı uğurların dövlətin qayğısının təzahürü olduğunu bildirib. O qeyd edib ki, kollecin şagirdləri artıq iki ildir SOCAR-ın təqaüd proqramında iştirak edir və bu müddət ərzində 40-dan çox şagird yüksək nəticələr göstərərək təqaüdə layiq görülüb. SOCAR-ın prezidenti çıxışının sonunda kollecin müəllim və şagird kollektivini yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Valideynlər adından çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov məktəbin müəllim heyətinin əməyini yüksək qiymətləndirib, kollecə göstərilən diqqət və qayğıya görə SOCAR-ın rəhbərliyinə minnətdarlığını bildirmiş, gələcək uğurların təməlini bu gün əldə edilən biliklərin təşkil etdiyini vurğulayıb.
Sonda birinci sinif şagirdi dərs ilinin başlanmasını bildirən ilk zəngi çalıb.
Xatırladaq ki, Beynəlxalq Məktəblər Şurası və Beynəlxalq Britaniya Məktəblər Şurası kimi mötəbər beynəlxalq akkreditasiya qurumlarına üzv olan kollec, həmçinin “Kembric Beynəlxalq İmtahanlar” və “Edeksel” kimi tanınmış imtahan mərkəzlərindən lisenziya alaraq 2016-2017-ci tədris ilinin sonunda öz tarixində ilk dəfə beynəlxalq imtahanlar təşkil edib. Ötən ildən məktəbin şagirdləri beynəlxalq olimpiadalarda iştirak edirlər. Sevindirici haldır ki, 9-cu sinif şagirdi Səid Əyyubov Nyu-Yorkda keçirilən layihə olimpiadasında qızıl medala layiq görülmüşdür. Eyni zamanda, məktəbdə çalışan yerli müəllimlər kollecin hesabına Böyük Britaniyadakı Nottingham Universitetinin ixtisasartırma kurslarına göndərilir. Hazırda 6 müəllim təhsilini davam etdirir, 9-u isə kursunu müvəffəqiyyətlə bitirib.

Mektebgushesi.az

Bənzər yazılar