ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) insan resurslarının inkişaf etdirilməsi istiqamətində islahatlar və mütəxəssislərin seçilməsinə yeni, müasir yanaşmalar davam edir. Məqsəd ADPU-da keyfiyyətli təhsil imkanlarının yaradılması, sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, yüksək biliyə malik peşəkar və müasir mütəxəsissləri işə cəlb etməkdir. Bu baxımdan, ADPU-da bütövlükdə ölkəmizin ali təhsil sistemi üçün yeni və mütərəqqi sayılan növbəti addımın atılması da diqqətəlayiqdir. Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun Təhsil Nazirinin 9 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları haqqında” əmrə və ADPU-nun Elmi Şurasının 31 may 2017-ci il tarixli qərarına əsasən” “ADPU-da bir sıra fakültə dekanları və kafedra müdirlərinin müsabiqəsinin keçirilməsi haqqında” imzaladığı 7 avqust 2017-ci il tarixli 630-k nömrəli əmri ilə universitetdə vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. Müsabiqənin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə tərkibinə tanınmış, təcrübəli və nüfuzlu pedaqoq-alimlərin daxil olduğu 27 nəfərdən ibarət Komissiya yaradılıb.

Komissiyanın sədri Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Şahlar Əsgərovdur. Müsabiqənin keçirilməsi barədə “Azərbaycan müəllimi” qəzetində, “Xalq qəzeti”ndə müvafiq elanlar dərc edilib, universitetin adpu.edu.az saytında elan yerləşdirilib, həmçinin sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb.

Qeyd edək ki, müsabiqə ADPU-nun 4 fakültəsində-Tarix və coğrafiya, Kimya və biologiya, Fizika və texnologiya, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültələrində və 16 kafedrasında-Türk və Şərqi Avropa xalqlarının tarixi və onların tədrisi metodikası, Azərbaycan tarixi, Riyazi analiz, Hesablama riyaziyyatı və informatika, Biologiya və onun tədrisi metodikası, Analitik və üzvi kimya, İnsan və heyvan fiziologiyası, Ümumi kimya və onun tədrisi metodikası, Fizikanın tədrisi metodikası, Ümumi fizika, Texnologiya və onun tədrisi metodikası, İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası, Musiqi və onun tədrisi metodikası, Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası, Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası, həmçinin ADPU-nun Şamaxı Filialında Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedralarında keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, 3×4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini, elmi və elmi-metodik işlərin siyahısını,

şəxsiyyət vəsiqəsinin surətini, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. Məlumat üçün onu da bildirək ki, ADPU-da çalışan şəxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərin siyahısını, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. Sənədlər 15 avqust 2017-ci ildən 15 sentyabr 2017-ci ilədək şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək ADPU-nun İnsan resursları departamentinə təqdim olunmalıdır. Hazırda sənəd qəbulu davam edir. Ünvan: Bakı şəhəri, Üzeyr Hacıbəyli küçəsi 68, 110-111-ci otaq (I mərtəbə). Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumat üçün (012) 498-08-16 və (012) 498-17-94 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi