Bu dəfə giley-güzarım Sizdəndi. Həm də Sizə…
Çox tez-tez yeganə dilimiz çıxa bilən, səsimizi qaldıra biləcəyimiz, özümüzü qəhrəman kimi hiss edə biləcəyimiz məkan olan feysbukda statuslar paylaşılır. Forma azacıq fərqli olsa da məzmun demək olar ki, eyni olur.
Allaha yalvarır “O”ndan vəziyyətimizi düzəltməyi diləyir hər kəs…
Amma etirafla deyim ki, bir kimsə şəxsi mənafeyini güdmür, hər kəs ümumi vəziyyəti nəzərdə tutur…
Amma nə fərq edər ki?.. Bu yalvarış, umu-küsü özü özlüyündə çox gülünc vəziyyət yaradır… O dərəcədə gülünc ki, gələcək nəsillərə (əgər bir millət olaraq arxivə göndərilməsək) utanc yeri, baş qazancı ən yaxşı halda isə gözəl felyetonluq mövzular qədər…
İnanın ki, bizim indiki durumumuz o dərəcədə acınacaqlıdır ki, bu heç Allahlıq da deyil.
Yəni ki, vəziyyətimiz o dərəcədə kritikdir ki, Allah istəsə belə bi vəziyyəti düzəltməyə gücü çatmaz… (Allahın gücünə şəkk gətirdiyimə görə məni qınayanlar ölkənin ən qabaqcıl cahilləridir)
Ağıllı, savadlı adamlardan, ixtiyar, dünya təcrübəsi yetərincə bol olan ağsaqqallardan, ağbirçək, nurani nənələrdən, çöldə çobandan (hətta çoban itlərindən və qoyunlardan), evdə kitablardan, məktəbdə və həyatda müəllimlərimdən, teatr sənətinin mənə verdiyi ədəbi, bədii, dramaturji təhlil bacarığından, gəncliyimin ən qalın izi olan aclıq və səfil həyat yaşam tərzindən, ən nəhayət ulu yaradanın mənə verdiyi bir çəngə ağıldan bir yerə toparladıqlarımı qatıb belə bir qənaətə gəlmişəm.
Problemlərimizin çox sadə bir yolu var!
Hər kəs özü özünə güc gəlib, özünü dəyişməyə əvvəlcə cəhd etməlidir, sonra isə buna nail olmalıdır !!!
Evimizin (oxu: Azərbaycanın) ən böyüyündən ən kiçiyinə qədər.
Silkinib cahillikdən çıxmalıyıq.
Axı Allah da “müsəlmanlara” deyir:
– “SƏNDƏN HƏRƏKƏT, MƏNDƏN BƏRƏKƏT”
(Həm də axı bir məsəl də var: “Türkün başı hərəkət edəndə işləyir”)
Bəxti açılsın deyə qız övladını eşşəyə tərsinə mindirən millət ALLAHA LAZIMDIRMI Kİ, ONA DA KÖMƏK OLSUN!
Axı (öz aramızdı) Allah bizə lazım olanda yadımıza düşdüyü kimi, biz də Allaha lazım olsaq yadına düşəcəyik…
Çalışaq ki, Allah bizi özünə lazımlı millətlərin sırasına YENİDƏN daxil etsin…
Ay camaat, eşidirsiniz?! Sizdən Sizə şikayət eləyirəm.
Bizim bizdən başqa bir kimsəmiz yoxdur!
Qapımızın ağzına böyük hərflərlə “ÇƏPƏR ÇOLPASI VAR” yazmaq bizim qarnımızı xilas edə bilər, abırımızı yox!
Xətrinizə dəyən sözlərim varsa demək ki, nəsə edə bilmişəm!!!
 

Bənzər yazılar