… Qoyun oğlu qoyun yuxuma girməyi bəs deyilmiş kimi, dil boğaza qoymadan elə hey üyüdüb tökürdü…
… Ayə, a qağa, mənə qoyun kimi baxma. Həzrət Abbas haqqı mən qoyun deyiləm.
Qurban bayramında sənədləşmədə yaşı iki ay artırılıb, beş aylığında yeddi aylıq erkək quzu adıyla qurban kəsilən qızımın əziz ruhuna and olsun ki, mən qoyun deyiləm.
Axı niyə inanmırsan mənə?!
Mən də bundan əvvəlki həyatımda sənin kimi adam olmuşam. Adım da Qurban idi… (şərti ad İ. S.) Sadəcə o qədər hamı kimi qoyun yerinə qoşulmuşam ki, öləndən sonra qurbanı olduğum ruhumu qoyun bədəninə köçürüb…
İstəyirsən ölüm səbəbimi də deyim…
Onsuz da yuxum burnumdan gəlmişdi. Odur ki, mexaniki olaraq dilləndim:
– De!
– Tikintidə 40 dərəcə istidə, fasiləsiz işləməyə məcbur edildim… Günvurmadan və susuzluqdan başım gicəlləndi, 14-cü mərtəbədən qum tayasının üstünə yıxıldım. Hələ canım ağzımdan çıxmamışdı… Məni xəstəxanaya aparmaq əvəzinə, təcili yardım maşını gələnə qədər tez başıma bir tikinti kaskası keçirdilər, əynimə də təhlükəsizlik “jileti” soxdular. Barmağımı da mürəkkəbə batırıb müqaviləyə basdılar… Guya savadsızam, imza edə bilmirəm. Halbuki, iki universitet bitirmişdim… Bu məni yandırmadı.
Elə ki, mən yerdə qurbanlıq qoyun kimi çapaladığım halda tikinti sahibinin qabağından qalmış yarım litrlik araq şüşəsinin dibindəki arağı “xozeyin” qaçaraq gəlib öz əli ilə zorla mənim boğazıma tökdü. Bax onda ürəyim partladı…
– Niyə?! Arağın məsələyə nə dəxli var?!
– Necə yəni “niyə?”. Hamıya sübut eləmək üçün ki, guya mən kefli olduğumdan hündürdən yıxılmışam…

Başa düşürsən, istəyirəm biləsən ki, sən təksən, biz çox. Mənim də qatıldığım sürünün qoyunluğu ondadı ki, dönüb üstünə yerisək tikələrin dırnağımızının ucunda qalacaq… Bax bunu eləmirik… Niyə?! – çünki qoyunuq!!!
Siz kimsiniz axı?! Sənsən, xozeynindi, bir neçə nəfər də sağıcı… Hansı ki, neçə dəfə məni tutub xayalarımı sıxıblar ki, süd çıxsın…
Hələ erkək heyvanla dişini ayıra bilmirlər.
Elə bilirsən tək onlardı?! Bütün sahələrdə kadrlarınız bu səviyyədədi.
Yediyim halal ota and olsun…
Ona qalsa, keçən dəfə qabağında qalan çörək vardı ha, tərkibinin yarısı mişar daşı tozundan ibarət çörək… yeyə bilmədin mənə tulladım..? Yadında?!
Başımı tərpətdim ki, yəni “hə!”…
– Ay sağ ol… Belə çıxır ki, çörək kəsmişik da səninlə… Ona qalsa deyərəm ki, kəsdiyimiz çörək haqqı…
(davamı da var)
(tezliklə)
 

Bənzər yazılar