“Hansısa məsələ ilə bağlı Qəyyumlar Şurası qərar verdikdən sonra rektor o qərarı imzalamaq səlahiyyətindədir”

Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Məsələ ətrafında müzakirələr genişləndiyindən Təhsil Nazirliyi ölkənin üç ən böyük universitetlərinin publik hüquqi şəxsə çevrilməsinə aydınlıq gətirib.
Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq.
Məlumatda bildirilir ki, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin – ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir.
Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun formalaşdırılması yolu ilə keyfiyyətinin yüksəldilməsi də bu məqsədə xidmət edir.
Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq. Bu da ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir.
Bəs universitetlərin idarəolunmasında ictimaiyyətin iştirakı hansı halda və necə mümkün olacaq?
Suala cavabında Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, universitetlərin publik hüquqi şəxs statusuna malik olması tam demokratik prinsiplərlə idarəetmə mexanizmi anlamına gəlir:
– Universitetlərdə Qəyyumlar Şurası fəaliyyət göstərəcək. Qəyyumlar Şurası artıq rektordan üstün, yuxarı səlahiyyətdir. Hansısa məsələ ilə bağlı Qəyyumlar Şurası qərar verdikdən sonra rektor o qərarı imzalamaq səlahiyyətindədir. Qəyyumlar Şurasında kimlər təmsil olunacaq? Mümkündür ki, burada Təhsil Nazirliyindən bir nəfər olsun və universitetə hamilik edə biləcək təşkilatlar, şirkətlərin nümayəndələri. Maliyyə məsələlərinə isə ayrıca Şura baxacaq. Qəyyumlar Şurası qərarları yönəldəcək Maliyyə Şurasına, şura da qərarın maliyyə baxımından həllini araşdıracaq. Qəyyumlar Şurası irəli sürülmüş təşəbbüsləri dəyərləndirəcək. Rektorun əmri isə artıq hüquqi əsas təşkil edəcək. Demokratik idarəetmə mexanizmi budur. Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq. Yoxsa ki, mono-idarəçilikdə rektor təkbaşına qərar qəbul etmək səlahiyyətinə malikdir. Ola bilər bu qərarlar ali təhsil müəssisəsinə zərər versin. Amma birgə, məsləhət-məşvərət əsasında qəbul olunan qərarlar zərərdən demək olar, sığortalanır. Çünki müzakirələr, qiymətləndirmələr aparılır və bir neçə nəfərin rəyi nəzərə alınır. Ali təhsil ocaqlarının ən doğru idarəetmə üsulu budur.
Ə.Ağayev qeyd etdi ki, publik hüquqi şəxs statusu həqiqətən də ali təhsil müəssisələrinə bir çox üstünlüklər verəcək:
– Universitetlərin öz təsərrüfat sahələri, laboratoriyaları olacaq, layihələrdə iştirak edəcəklər, layihələr irəli sürəcəklər və gəlir əldə olunacaq. Bu, müəllimlərin əmək haqlarına da müsbət təsir edəcək, təhsil müəssisəsinin maddi-texniki bazasının yaxşılaşmasına, möhkəmlənməsinə də kömək edəcək.
Ali təhsil müəssisələrinin idarə olunmasında ictimaiyyət nümayəndələrinin iştirakına gəlincə, Ə.Ağayev məsələni bu cür izah etdi:
– İdarəetmədə ictimaiyyət nümayəndələri təmsil olunmur. Qəyyumlar Şurasının tərkibi barədə artıq izah verdim. İctimaiyyət nümayəndələri universitetlərin nəzdində yaradılmış Nəzarət Şurasında təmsil olunurlar və ictimai nəzarəti yerinə yetirirlər. Bəzi universitetlərlə belə şuralar indi də fəaliyyət göstərir. (Məlahət Rzayeva)

mektebgushesi.az

Bənzər yazılar