Tanınmış iqtisadçı professor, keçmiş maliyyə naziri Saleh Məmmədovun  rus dilinin statusu və işlənmə mövqeyi ilə bağlı söylədiyi fikirlərə tanınmış teletənqdiçi, professor Qulu Məhərrəmli münasibət bildirib:
Bu gün mətbuatda rus dilinin statusu və işlənmə mövqeyi ilə bağlı gedən mübahisələrə normal baxmaq lazımdır. Bu mübahisələr problemə yanaşmada fərqli maraq və baxışları ortaya qoymaqla yanaşı, ölkədə humanitar siyasətin də ümumi mənzərəsini aydın göstərir.
Əlbəttə, bu gün Azərbaycanda dövlət dili ilə yanaşı rus, ingilis, türk və başqa dillərin işlədilməsi normaldır və bu hal bizdə fərqli sosialinqvistik şəraitin məhsuludur. Lakin “Dövlət dili haqqında” qanuna görə, bu dillərin heç biri Azərbaycan dilinin rəsmi statusuna xələl gətirə bilməz. Adı çəkilən dillər sırasında işləklik baxımından, təbii ki, rus dilinin xüsusi mövqeyi var. Bu mövqe bizim ictimai-mədəni düşüncəmizlə, dil yaddaşımızla bağlıdır. Amma bəziləri hərdən şimaldan əsən küləklərin təsiri ilə rus dilinin rolunu süni şəkildə qabartmağa çalışırlar. Yanlış olan budur.
Təbii ki, mən dostumuz Saleh Məmmədov kimi rus dilinə rəsmi status (məqsəddən asılı olmayaraq) verilməsinin tərəfdarı deyiləm, amma onun müxtəlif sahələrdə və zəruri hallarda ünsiyyət dili kimi işlədilməsinə normal baxıram. Prinsipial məsələ budur ki, biz rus dilinə imperiya dili kimi baxmalı deyilik, onu yalnız mədəniyyət və kommunikasiya dili kimi qəbul etməliyik.(moderotor.az)

Bənzər yazılar