Bir neçə gün bundan öncə UNEC –in ev sahibliyi etdiyi “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda konfransında iştirak edirdim. Təşkilatçılıq və məzmun baxımından yüksək səviyyədə təşkil edilmiş tədbirin maraq doğuran məsələlərindən biri də Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancarın konfransda çıxış etməsi idi.
Aziz Sancarın 15-20 dəqiqə davam edən təqdimatı onun böyük alim olmaqla yanaşı , böyük bir vətndaş olduğunu da göstərdi. Türk milləti və elm Sancar şəxsiyyətində bir vəhdət təşkil edərək onu bəşəri ideallarla bütövlədirir və onu Nizaminin təsvir etdiyi kamil insan mərtəbəsinə yüksəldir. O, elmi-texniki nailiyyətlərinin əxlaqi-mənəvi bazaya söykənməsinə nail olmuşdu. 2004-cü ildə John Buckinghamıç kimya tarixi haqqında yazdığı “Molekulun arxasınca” adlı əsərini oxuyan Aziz Sancar yazır: ” Əsərin giriş hissəsində təsvir edilən Benzolfestin əsas mövzusu kimyanın və ümumilikdə elmin bayram edilməsi məni heyran etdi. Ancaq bununla yanaşı, həmin dövrdə Avropalıların və göründüyü kimi əsərin müəllifinin “Türk imperiyasının bölüşdürülməsi” haqqında özündən razı yanaşması mənə toxundu.
Bu iki məsələ elm və türk milləti (Osmanlı İmperiyası və Türkiyə Respublikası) məsələləri sıralamadan asılı olmayaraq özümü tanıyandan bəri düşüncəmdə hakim mövqedə olmuşdur. Mən bir Türk vətənpərvəri kimi böyüdüm və indi də beləyəm”. Türkiyənin kiçik Savur köyünün sərhədlərindən başlayan Vətən , millət və elm sevgisi bütün həyatı boyu onu tərk etməmiş , harada olmasından asılı olmayaraq onun yaşam tərzinə çevrilmişdi. Aziz Sancarın fikrincə millilik insanda ölkənin atributlarına, problemlərinə, uğurlarına şüurlu yanaşma xarakterinin formalaşması kimi başa düşülməlidir. İnsan yüksək mənəvi ideallara və dəyərlərə yiyələnməklə bərabər öz şəxsi həyatında hədəfləri müəyyən etməli və bu hədəflərə çatmaq üçün səy göstərməlidir.
Nobel medalını modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyinə bağışlayan alim yazır: “Türkiyənin geri qalmış və ucqar bir bölgəsində mükəmməl müəllimlərim oldu. Onlar mənə Türk xalqının tarixindən qürur duymağı və böyük işləri başara biləcəyimiz inamını aşıladılar” Bununla da böyük alım bugünkü uğurlarının qazanılmasında Atatürkə və müəllimlərinə öz şükranlarını bildirir. Aldığı pul vəsaitini isə ABŞ da “Türk evi”nin fəaliyyət göstərməsi üçün sərf etmişdi. Aziz Sancarın təqdimatını həm də bir dərs adlandırmaq olardı: elm və əxlaq dərsi!…………
Dr. Məlahət Mürşüdlü, təhsil eksperti

Bənzər yazılar