“Əvvəlki illərlə müqayisədə müəllimlik ixtisasını seçənlərin sayında artım var”.
Bunu jurnalistlərlə söhbətində 500-700 bal toplayan tələbələrin hansı ixtisasları seçməsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, artımın səbəbi Təhsil Nazirliyinin müəllim olmaq istəyənlərə həvəsləndirici tədbirlər planı həyata keçirməsidir:
“Ödənişli və ya ödənişsiz təhsil almasından asılı olmayaraq abituriyentlər ixtisas ərizələrində ilk müəllimliyi yazırlarsa, onlara əlavə 100 manat təqaüd ödənilir. İkinci tərəfdən müəllimlik ixtisasını bitirməklə tələbələr həm müəllim olur, həm də bütün dövlət orqanlarında işləmək üçün şans əldə edir. Əvvəllər tələbələr düşünürdü ki, yalnız müəllim olacaqlar. Dövlət qulluğuna qəbul zamanı müəllim olanların bütün ixtisaslar üzrə işləyə biləcəyi təsdiqləndi. Bu, əlbəttə, müsbət hal oldu. Tələbələr ciddi şəkildə bu ixtisasa həvəsləndilər. Daha həvəsləndirici tədbirlər görmək, onları universiteti bitirdikdən sonra birbaşa təyinata cəlb etmək, gələcəkdə müəllimlik ixtisasını seçənlərin artmasına səbəb olacaq. Bu müsbətdir. Müəllimlər arasında qərbləşmə yoxdur.
Çünki müəllim işləyən gənclərin sayı olduqca azlıq təşkil edir. Bu gün müəllimlərin orta yaşı 40-dan yuxarıdır. Müasir inkişaf, Avropaya inteqrasiya, beynəlxalq təhsil təcrübəsini Azərbaycanda tətbiq etmək, yeni modern təhsil qurmaq istəyiriksə, ilk növbədə yaşlıların təcrübəsindən öyrənməklə gəncləri bura cəlb etməliyik. Ona görə düşünürəm ki, həvəsləndirici tədbirləri artırıb. Müəllimlik ixtisasını seçənləri gələcəkdə birbaşa təyinatla yaşadıqları ərazilərdəki vakant yerlərə göndərmək lazımdır”.
Müəllimlik ixtisasını seçən abituriyentlərin əksəriyyətinin gələcəkdə repetitor fəaliyyəti ilə məşğul olmaq üçün bu peşəyə üstünlük verməsinə də münasibət bildirən K.Əsədov deyib ki, müəllimlərin maaşı az olduğundan repetitorluğa meyl edirlər:
“Danılmaz faktdır ki, hazırda Azərbaycanda müəllimlərin maaşları onların gündəlik ehtiyaclarını ödəmir. Amma bu o demək deyil ki, gələcəkdə onlar yalnız repetitorluqla məşğul olacaqlar. Müəllimlik tək repetitor olmaq, ya da orta məktəbdə dərs demək deyil, müəllimlərin imkanları daha genişdir. Bu təbliğatı abituriyentlər arasında apara bilsək daha yaxşı olar. Təəssüf ki, müəllimlik üçün özəl universitetlərə getmirlər. Onlar üçün fərqi olmalıdır ki, istər dövlət, istər özəl universitetləri bitirəndə şansı daha çoxdur. Ən pis halda ixtisasları var. Onlar dövlət orqanlarında, hüquq mühafizə orqanlarında və s. orqanlarda işləmək istəsələr, gedə bilərlər. Çünki qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Hesab edirəm ki, məsələ mütləq şəkildə diqqətdə saxlanmalıdır. Təhsil Nazirliyinin təqdirəlayiq addımları təhsilə gənclərin cəlb olunmasına ciddi təsir göstərəcək”.
Qeyd edək ki, 2015-2016-ci illərdə qəbul imtahanında ən yüksək – 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib.

Bənzər yazılar