“Attestasiya”,“sınaq imtahanı”,“könüllü attestasiya”, ”lisenziya”,“sertifikasiya”,“diaqnostika”…
Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.
“Attestasiyanın keçirilməsi təhsil sisteminin inkişafı üçün labüd haldır. Müəllimlərin bilikləri, nailiyyətləri, təhsil müəssisələrinin nəticələrinə və digər meyarlara görə differensiallaşdırılmış əməkhaqqı tətbiq olunacaq. Attestasiyada müvafiq balı keçə bilməyən müəllimlər ixtisasartırma kurslarına gedə bilərlər”. Bunu bir müddət əvvəl təhsil naziri Mikayıl Cabbarov “Təhsil Tv”-nin “Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.
Bununla belə, xüsusilə son günlər Nazirin bu konkret və birmənalı şərhinə baxmayaraq mətbuatda Təhsil Nazirliyinə istinadən yayılan “Diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlər “ixtisar ediləcək”, “işdən qovulacaq”, bu kateqoriyadan olan müəllimlərin “dərs yükü minimuma endiriləcək” və s. bu kimi həgə-qorxu xarakterli bəyanatları və açıqlamaları heç cür başa düşmək olmur.
Razılaşaq ki, aşağı nəticə göstərən müəllimlər təhsil müəssisəsindən uzaqlaşdırılmalıdır. Elə isə, təkcə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə əvvəlki illərdən iki dəfə çox – 6000-ə qədər təqdim ediləcək boş vakant yerləri kim dolduracaq ? Və ya yeni gələn “10 faizlilər”, “köhnələrdən” o qədərmi savadlıdırlar? Əvvəlkilərin heç olmasa azı 5-10 illik iş təcrübəsi var…
Digər bir mühüm məqam, bütün bu məsələlər “Diaqnostik Qiymətləndirmə” prosesində həll ediləcəkdisə, onda təkrar olaraq yeni bir uzunmüddətli kompaniyanın başlanılmasına,yəni attestasiyanın keçirilməsinə nə ehtiyac var? Məsələ təkcə bununla bitmir.
Heç cür başa düşmək olmur, bir yandan deyirik ki, Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən fənn müəllimləri üçün təlimlər keçiriləcək və artıq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən xüsusi proqramlar hazırlanıb, digər tərəfdən də bəyan edirik ki, bəzi müəllimlərin peşəkarlığını onları təlimə cəlb etməklə yüksəltmək mümkün deyil, biz belə müəllimlərin işləməsini məqsədəuyğun saymırıq. Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Və ya neçə dəfə bəyan etmişik ki, diaqnostik qiymətləndirmə müəllimlərin attestasiyasına hazırlıq mərhələsidir və bu proses yekunlaşdıqdan sonra attestasiya keçiriləcək. Bir müddət sonra rəsmi xəbərlər yayılır ki, diaqnostik qiymətləndirmədən sonra sertifikasiya keçiriləcək, attestasiyanın keçirilib-keçirilməməsi hələ dəqiq məlum deyil və s. və i.a.
Belə çıxır ki, ya biz “kərəni kürə” kimi başa düşürük, ya da gedişatı bizə başa salmağa səy göstərənlər…
“Attestasiya”, “sınaq imtahanı”, “könüllü attestasiya”, ”lisenziya”, “sertifikasiya”, “diaqnostika”… Görünür, bu xəmir hələ çox su aparacaq. Müəllimlərimizin səbr və hövsələsi buna çatacaqmı?

Bənzər yazılar