Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım.
Eşqi Bağırov: “Biz bu kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin tərəfdarıyıq”.
Açığını geyim ki, bu kimi “bəyanatları” oxumaqdan artıq gözümüz tor salıb. Yəni, bu şərəfli və müqəddəs peşə sahibi hesab etdiyimiz müəllimi diaqnostik qiymətləndirmə adı ilə nə vaxta qədər hallandırmaq, aşağılamaq, heysiyyatı ilə oynamaq, təhdid etmək yolu ilə əsəb və gərginlikdə saxlamaq olar? Məgər müəllimdən başqa digər peşə sahibləri yoxdur? Və ya saxta diplom əldə edilməsində “günah keçisi” təkcə müəllimdir? Axı, bu bəyanatları valideyndən tutmuş şagirdə qədər hamı oxuyur.
Müəllimə qarşı onsuz da itirilmiş inam və etibarı təkrar-təkrar qabartmaq və üzə vurmaqla görəsən nəyə nail oluruq? Niyə görə qurunun oduna yaş da yanmalıdır. Axı bu cür məntiqsiz açıqlamalardan bir çox yerli təhsili idarəetmə orqanları digər sıravi müəllimlərə qarşı da təzyiq, qərəz və şəxsi ambisiya vasitəsi olaraq “domokl qılıncı” kimi istifadə edirlər. Bəlkə hər şeyi öz adı ilə çağıraq? Nə isə… Əvvəla saxta müəllim olmur, saxta diplomlu müəllim ola bilər. İkincisi, hörmətli Eşqi Bağırov, siz “bu kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin tərəfdarı”sızsa, elə isə, bunun üçün bu millət nə iş görməlidir? Bəlkə, nəzərdə tutduğunuz minimumla əlaqədar bir normativ hazırlayıb, yerlərə göndərməyiniz və “saxta müəllim”lər və onların havadarları ilə əlaqədar görülən konkret və əməli işlərin məhz nətcələri barədə ictimaiyyəti məlumatlandırmanız daha məntiqi və faydalı olardı, nəinki, quru stres ab-havası? Hazırda aramız bir qədər sərin olan rusun sözü olmasın,“меньше эмоций ближе к делу.”
 
https://mektebgushesi.az

Bənzər yazılar