Müasir pedaqoji təhsilin yeni mündəricədə, yeni məzmun ideyaları ilə təkmilləşdirilməsi ali məktəb qarşısında dayanan ən ümdə vəzifələrdən biridir. Hazırkı şəraitdə təhsilin yeni, qabaqcıl texnologiyalara istinadən qurulmasını zəruri edən amilləri ali və orta ixtisas təhsili müəssisələrində nəzərə almaq çevik və işgüzar fəaliyyətin əsasını qoyur. Bu cəhətdən pedaqoji-peşə təhsili verən tədris-tərbiyə ocaqlarının strateji məqsədlərinin müəyyənləşdirilməsi, təlim keyfiyyətinin yüksəldilməsi pedaqoji fəaliyyətin rəhnidir. Elmi-pedaqoji ədəbiyyatda pedaqoji təhsil məfhumuna belə bir münasibət bildirilir: “pedaqoji-təhsil – tədris müəssisəsində pedaqoji fəaliyyəti tələbələrin (gələcək müəllimlərin) uğurla həyata keçirəcəklərinə imkan verən və məqsədyönlü, planlı və mütəşəkkil surətdə onlara aşılanan milli və ümumbəşəri dəyərlərin məcmusudur”.
Ali və orta ixtisas təhsili sahəsində gələcək fənn müəllimlərinin ixtisas hazırlığını təkmilləşdirmək, yaradıcılıq qabiliyyətini yüksəltmək, peşə təhsili və sənəti üzrə zəruri vərdişləri qazanması imkanlarını genişləndirmək işi bu günün tələbəsi, sabahın müəllimi olacaq kadrların hazırlıq fəaliyyətindən də çox asılıdır.
Bu gün pedaqoji təhsil alanların ali məktəb həyatında qazandığı nəzəri və praktik biliklər məcmuyu həm tədris-auditoriya məşğələləri, həm də pedaqoji təcrübə dövrünü əhatə edən sınaq-yoxlama mərhələlərini özündə ehtiva edir. Bu məqsədlə ilkin olaraq pedaqoji təhsilin hədəflərini müəyyənləşdirərkən bu yönümlü sahələr üzrə formalaşan tələbələrin novator ideyalarla, pedaqoji yeniliklərlə tanış edilməsi ən önəmli vəzifə kimi qarşıda dayanır. Mövcud təhsil-alma prosesində bu qəbildən olan, yaradıcı düşünən, mühakiməli, demokratik dünyagörüşlü şəxsiyyətlər formalaşdırmaq pedaqoji təhsilin əsas məğzini təşkil edir. Hazırkı şəraitdə pedaqoji təhsil istiqaməti ilə püxtələşən hər bir tələbə birmənalı olaraq reproduktiv təlimdən fəaliyyətə əsaslanan təlimə keçid prosesini öz əməli fəaliyyətində tətbiq etməyi bacarmalıdır. Onlar müasir təlim üsullarından xəbərdar olmalı, yeni məzmun dəyərlərinə xidmət edən bacarıqlara yiyələnməlidirlər. Ali və orta ixtisas məktəblər şəbəkəsinin bütün sferalarında pedaqoji təhsil istiqamətində iş aparmaq, maarifləndirici zəmində tövsiyələr vermək də günün vacib tələbidir.
Xüsusən, pedaqoji təmayüllü ali tədris müəssisələrinin məktəblərlə əlaqəsi genişləndirilməlidir. Ali təhsil müəssisələri ilə orta məktəblərin birgə layihələr həyata keçirməsi, tələbələrin orta məktəblərə cəlb olunması universitet – məktəb əlaqələrində tədris-pedaqoji fəaliyyət istiqamətləri qarşılıqlı ünsiyyət zəminində qurulmasını da zəruri edir. Bu zaman tələbələrin yeni pedaqoji təfəkkür imkanlarından bərabər səviyyədə istifadə etməsini reallaşdıran informasiya-kommunikasiya texnologiyalarının təlim-tərbiyə, tədris prosesinə tətbiqi məsələlərindən hali olmasından da çox mətləblər asılıdır. Ali pedaqoji təhsil ocaqları ilə orta məktəblər arasında əməkdaşlıq əlaqələrinin intensiv inkişaf etdirilməsi, bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə, təhsilin, xüsusən, pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsinə rəvac verir.
Pedaqoji təhsilin aktual məsələlərindən biri də tələbələrin yeni paradiqmalı təhsil dəyərlərinə bələdlilik səviyyəsidir. Orta məktəblərdə tətbiq olunan beyin həmləsi, morfoloji təhlil, lokal obyekt üsulu, qrup məşğələləri, informasiyanın sıxlaşdırılması, öyrənməyi öyrənmək tərzinin təşkili və s. haqqında tələbələrin zəngin pedaqoji düşüncəyə malik olması, güman edirik ki, onların uğurlu fəaliyyətinin rəhni olub, gələcək ustad müəllim nüfuzuna xeyli üstünlük gətirər.
Pedaqoji təhsilin əsas mahiyyətini dərk etməyin metodoloji sistemini, qanun və qanunauyğunluqlarını bilməyin də bu istiqamətlənmə üzrə maarifləndirmə işində mühüm əhəmiyyət kəsb etdiyini unutmaq olmaz. Yəni, tələbə pedaqoji proses təcrübəsində nəzəri hazırlıq məsələlərinin qoyuluşunu həm fəlsəfi, həm də pedaqoji aspektdən dəyərləndirməyi bacarmalıdır. Bu barədə pedaqoji elmlər doktoru, professor Akif Abbasov haqlı olaraq göstərir ki, “… nəzəriyyə idrak obyektinin mahiyyətini, məqsəd və vəzifələrini, daxili, zəruri əlaqələrini, qanun və qanunauyğunluqlarını ehtiva edən anlayışlar və ideyalar sistemidir. Pedaqoji mənada isə nəzəriyyə pedaqoji gerçəkliyə aid olan hadisələri təsvir və izah edən pedaqogikanın qanunauyğunluqlarını vahid məcraya gətirən biliklər sistemidir”.
Məhz pedaqoji təmayüllü ali və orta ixtisas təhsili müəssisələrinin orta məktəb həyatı ilə inteqrasiyasını gücləndirmək baxımından müasir pedaqoji təhsil paradiqmalarını (nümunələrini) nəzərə almağın üstün cəhətlərindən biri də tələbələrin ustad müəllim statusuna sövq olunması problematikası ilə bağlıdır.
Universitet və orta məktəb əlaqələrinin ən bariz nümunəsi olaraq alim-tədqiqatçıların məktəbə üz tutması və eləcə də orta məktəb müəllimlərinin tədqiqatçı laboratoriyasına təşrif gətirməsi ümumxalq və ümumdövlət səviyyəsindən dəyərləndirilən bir prosesdir. Bu işin sosial-mədəni əhəmiyyətliliyi həm də pedaqoji ictimaiyyət üçün çox böyükdür.
Ali və orta məktəb həyatında cərəyan edən prosesdə əməkdaşlıq pedaqogikasının təsir imkanlarından hər iki cəbhə qoşa qanad kimi maarifləndirici istiqamət göstərməlidir. Bu yönümdən müasir pedaqoji ustalıq sorağında olan şəxs pedaqoji təhsilin problemlərində təzahür edən çatışmazlıqları, iradlı tərəfləri də görməli, onun islahına çalışmağı özü üçün vətəndaşlıq borcu bilməlidir. Pedaqoji təhsilin həyat və cəmiyyət prinsiplərinə uyğun reallaşdırılması imkanlarını gələcək fəaliyyətlərində fəal vətəndaşlıq şüuru ilə əldə etməyin xarakter xüsusiyyətlərini onlara necə, hansı yollarla aşılamağın metodologiyasını professsor Nurəddin Kazımov öz tədqiqatlarında belə əsaslandırmışdır: “Təhsilin strateji məqsədi barədə deyilənlərə yaradıcı münasibət göstərmək lazımdır ki, tələbədə inam yaransın: yəqin etsin ki, təhsilin strateji məqsədinə dair ideya və onun təklif edilən məzmunda ifadəsi göydəndüşmə deyil, bir-birini tamamlayan iki ciddi amil onu zərurətə çevirmişdir. Bunun biri ümummilli liderimiz Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasıdır; digəri isə Azərbaycan Respublikasının keçmişi, bu günü və gələcəyi barədə bizim hər birimizin düşüncələrimizdir”. Həmin keyfiyyətləri özündə formalaşdıran tələbənin sahib olacağı bacarıqlar pedaqoji təhsilin inkişaf dinamikasını, sənət və ixtisas keyfiyyətini yüksəltməyə yardım edəcək zəmində təkmilləşdirməyi də zəruri edir.
Bu məqsədlə ali və orta ixtisas təhsili verən pedaqoji yönümlü tədris-tərbiyə şəbəkələrində tələbədə formalaşan keyfiyyətlər ənənə və müasirlik mahiyyətində, varislik prinsipi əsasında dəyərləndirilməlidir.
Ali məktəb tələbələrinin gələcək peşə fəaliyyətində “tədris etdiyi fənlərə dair yenilikləri öyrənməyə can atması; öz peşəsinə, iş üslubuna yaradıcı, tənqidi münasibət göstərməyə meyilli olması; tədrisin keyfiyyətini yüksəltməyə yardım edəcək əyani vasitələr düzəltməyə çalışması; sinifdə azacıq olsa narazılıqları vaxtında duymaq və aradan qaldırmaq üçün düzgün tədbirlər görməsi; uşaqları kiçicik də olsa nailiyyətlərinə görə xoş sözlərlə həvəsləndirməsi; sinif kollektivinin saat kimi ritmik işləməsinə rəhbərliyi yüksək səviyyədə saxlamağı bacarması; uşaqları dərsdənkənar və məktəbdənkənar dərnəklərdə iştirak etməyə həvəsləndirməsi; uşaqlarda təlimə, yoldaşlara münasibətdə məsuliyyət hissi oyatması” kimi dəruni pedaqoji hazırlıq taktının canlandırılması birmənalı olaraq ali məktəb və orta məktəb arasında monolit birliyin hərtərəfli vəhdətini də təmin edir.
Bu gün pedaqoji təhsil müəssisələrində formalaşan tələbələrin pedaqoji fəaliyyət dinamikası sevib-seçdiyi müəllim statusu ilə, bu peşəyə həssas münasibət tərzi ilə bağlıdır.
Universitet və məktəb vəhdətinə aparan yolda demokratik mühit, işlək psixologiya hökm sürməlidir. Pedaqoji təhsil sahəsində qazanılan nailiyyətlər orta məktəb həyatında özünü doğrultmalıdır.
Cəmiyyətin yeniləşməsində, şəxsiyyətin inkişafında ali məktəbin müstəsna rolu var. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında, istehsalatın, elmin, mədəniyyətin, sosial həyatın irəliləməsində bu tədris şəbəkələri (universitetlər, institutlar, akademiyalar, konservatoriyalar) geniş imkanlara malikdir.
Xüsusən, pedaqoji təhsilə meyil, maraq orta məktəbdən, ümumi təhsildən başlamalıdır.
Təhsil pillələri sırasında orta pedaqoji və ali pedaqoji ixtisas hazırlığı verən tədris-tərbiyə ocaqları ilə təkmil ümumi təhsil verən müəssisələr arasında eyni profil üzrə yaxınlaşma təcrübəsi hüquqi-demokratik prinsiplər əsasında tənzimlənməlidir. Aparılan müşahidələr onu deməyə əsas verir ki, bu gün orta məktəbin qarşısında duran məqsəd heç də ali məktəb üçün nəzərdə tutulan “nə qədər məzun tələbə statusu” qazandı qənaəti ilə deyil, “cəmiyyət üçün, həyat üçün nə səviyyədə “yaxşı insan”, ləyaqətli vətəndaş hazırlığından xəbər verməlidir.
Açığını deyək ki, universitetlərlə orta məktəblərin qarşılıqlı əlaqəsini reallaşdırmağın mövcud nəticələri bir o qədər də ürəkaçan deyil. Bəzi hallarda məktəbə üz tutan alim-tədqiqatçının, yaxud ali pedaqoji tədris müəssisəsinə metodik məsləhətə, məşvərətə gələn müəllimin heç bir zəruri səbəb olmadan “canlı senzuradan” keçirilməsi bu zəmindən olan əməkdaşlığa ciddi xələl gətirir.
Buradan belə bir nəticə çıxarmaq düzgün olmaz ki, guya pedaqoji təhsil prosesində universitetlərdə orta məktəb vəhdətinin təkcə nəzəri parametrləri daha çox diqqət çəkməlidir. Bu işdə təcrübə, qarşılıqlı əməkdaşlıq motivi də əsas amil kimi səciyyələndirilməlidir. Fənn müəllimi kimi fəaliyyətə hazırlanan tələbə pedaqoji proses işində özünəinam qüvvəsinin müstəsna əhəmiyyətə malik güclü bir həmlə, təkanverici qüvvə olduğunu da anlamalı, tələbəlik illərində öz iradi-ənənəvi keyfiyyətlərini də konkret bacarıqlar əsasında təkmilləşdirməyə qadir olmalıdır. Onlar ali məktəb mühitində topladıqları təcrübə – istehsalat vərdişlərinə uyğun peşə-sənət vərdişlərini inkişaf etdirməli və gələcəkdə fənn müəllimi kimi işləyərkən şagirdlərində də bu iradi səriştəliliyin cazibəsini yaradan fütühatla dərk edib öz işində nəzərə almalıdır. Bunu isə bizdən real vəziyyət, həyatın özü tələb edir.
Ali məktəblərlə orta məktəb əlaqəliliyinin gücləndirilməsi bu gün pedaqoji təhsil fəaliyyətində ən aktual problemlərdən biridir. Burada ailə, məktəb, cəmiyyət birliyi ilə yanaşı pedaqoji jurnalistikanın da maarifləndirici səy və qayğısı olmalı, pedaqoji təhsilə ziyan gətirən “təfəkkür iflici”nə yol açan repetitorluq kimi ənənələr islah olunmalıdır.
Pedaqoji təhsil – ümumxalq və ümumdövlət səviyyəli bir işdir. Onun milli və ümumbəşəri siqlətini, mənəvi gücünü hər zaman duyub, qiymətləndirməliyik.(muallim.edu.az)
 
https://mektebgushesi.az

Bənzər yazılar