Müəllim yalnız elm öyrədən deyil, məktəbli-gələcəyin şəxsiyyəti ilə elm arasında əlaqə yaradan bir qurucudur. İllərin təcrübəsindən bu qənaətə gəlmişəm ki, müəllimlik sənəti oxuyaraq diplom alanlar üçün deyil, müəllim kimi doğulanlar üçündür. Müəllim uşaqları sevməli, onlara şəxsiyyət kimi yanaşmalı, arzu və meyillərini, bacarıq və istedadlarını aşkar edib yaradıcı iş qurmalıdır. “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, – deyən ümummilli liderimiz Heydər Əliyevin müdrik tövsiyəsi belədir ki, əsl pedaqoq olmaq, şagird və tələbələrə mükəmməl, hərtərəfli bilik vermək, onları nəcib mənəvi amallara sədaqət ruhunda yetişdirmək üçün məktəblərdə müvafiq şərait, lazımi mühit yaradılmalı, müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə olmalıdır.
18 ildən artıq pedaqoji fəaliyyətim zamanı mən də məhz belə olmağa çalışmışam.
Məktəbimiz 1971-ci ildən fəaliyyət göstərir. Məzunlarımız ən müxtəlif peşə sahələrində çalışır, hazırda məktəbimizdə 1540 şagird təhsil alır, bu şagirdlər 65 sinifdə komplektləşir, 134 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olur. Məktəb iki dəfə – 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. Gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə məktəbimizin müəllimləri dövlət tərəfindən layiqincə qiymətləndirilərək “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olub, “Tərəqqi” medalına, “Əməkdar müəllim” fəxri adına, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq gorülüblər.
Hər il Təhsil Nazirliyi tərəfindən IX sinif buraxılış imtahanlarının nəticələri geniş təhlil edilir, respublikanın ümumtəhsil məktəblərinin rayon (şəhər) üzrə, həm də ölkə üzrə reytinq sıralanması hazırlanır. 2012-2013-cü tədris ilinin reytinq sıralamasında 21 nömrəli tam orta məktəb 4500 məktəb arasında ölkə üzrə 145-ci, şəhər üzrə 15-ci yerdə olub. Məzunların ali məktəbə qəbulu isə 54% (1 nəfər 600-dən yuxarı) təşkil edib. Yeni təlim texnologiyalarını və kurikulum proqramını dərindən bilən və düzgün qurmağı bacaran Vladim İbrahimov məktəbə direktor təyin olunduqdan sonra məktəbin nəticələrində ciddi irəliləmələr olub. 2015-2016-cı tədris ilində isə ölkə üzrə 46-cı, şəhər üzrə (4 yeni tipli məktəbi TET Gimnaziya, TETL, “İstedad”, “Təfəkkür”ü nəzərə almasaq) 1-ci yerə çıxmışıq. Ötən il məzunların ali məktəbə qəbulu isə 69% olub. 4 nəfər 600-dən yuxarı bal toplayıb. Hər zaman məktəbimizin keyfiyyət göstəricisi şəhərin orta göstəricisindən üstün olub.
2015-2016-cı tədris ilindən pilot layihə kimi orta təhsilin təmayüllər üzrə təşkil olunduğu respublikanın 58 məktəbindən biri də bizim məktəbdir. Hazırda məktəbimizdə X-XI sinif şagirdləri “Texniki fənlər” və “Riyaziyyat – iqtisadiyyat” təmayüllü siniflərdə təhsil alırlar. 2017-2018-ci tədris ilindən isə bütün təmayüllər üzrə siniflər açılması nəzərdə tutulur.
Məktəbimizin şagirdləri müxtəlif müsabiqələrdə, bilik yarışmalarında uğurla çıxış edirlər. Şagirdlərimiz 2014-cü ildə İNEPO beynəlxalq layihə olimpiadasında II, 2015-ci ildə Təhsil Nazirliyi və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin birlikdə keçirdiyi rus dili olimpiadasında I, 2015-2016-cı tədris ilində fənn olimpiadasında III yerə layiq görülüblər.
Kollektivimiz təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə atılan addımlar, verilən qərarları hər zaman dəstəkləyir, böyük məsuliyyət və həvəslə icra etməyə çalışır. 1-ci sinfə qəbulla bağlı bu il nazirliyin tətbiq etdiyi yeniliyə görə, valideynlərə məktəb və müəllimi seçmək hüququ verilib. Bu da məktəbin və müəllimin məsuliyyətini birə-beş artırır, sağlam rəqabət dinamikası yaradır.
Bir ibtidai sinif müəllimi kimi mənə görə:
– Müəllim hər bir şagirdi eyni cür sevməli, amma onların psixologiyasını nəzərə alaraq fərdi yanaşmalıdır;
– Şagirdin iç dünyasını öyrənməli, istedadını aşkar etməlidir;
– Şagird müvəffəqiyyətini işıqlandırmalı, uğursuzluğuna şərik olmalı, aradan qaldırma yollarını axtarmalıdır;
– Qismən çətin qavrayan şagirdləri daha çox həvəsləndirib, daha maraqlı iş formaları seçməlidir;
– Şagirdlərə yalnız oxumağı deyil, həyati bacarıqlar, vətən sevgisi, yoldaşlıq və əməkdaşlıq kimi milli prinsipləri aşılamalıdır;
– Müəllimlə valideyn arasında sıx əlaqə olmalı, şagirdin çətinliyinin həlli yolları birgə araşdırılmalıdır.
Müəllim – Kapitalı insan olan və bəhrəsini dövlətinə ərməğan edən müqəddəs peşə sahibidir. Bu adı şərəf və ləyaqətlə daşıyan müəllimlərimiz isə çoxdur. \mekteb.edu.az\
Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
 

Bənzər yazılar