Hər bir gənc böyük arzularla yaşayır; xoşbəxt ailəyə, sağlam övlada sahib olmağın xəyallarını qurur, gələcək planlarını hazırlayır. Amma, bəzən, həyat insana gözləmədiyi problemli günlər qismət edir. Dünyaya sağlam gəlib sonradan məhdudiyyətlər qazanan, bəzənsə anadan məhdudiyyətli doğulan körpələrlə sınağa çəkilir insan. Bu sınaqlara ya səbr edilib dözülür, ya da arzulanmayan uşaqdırsa məsuliyyətdən qaçılıb küçələrə atılır, hər yükü dövlətin, həkimlərin, müəllimlərin çiyinlərinə qoymağa çalışılır. Sağ olsun dövlətimiz, dövlət başçımız, xeyirxah insanlar ki, bəzi düşüncəsiz insanların səhvləri üzündən atılan belə köməksiz körpələrə sahib çıxır. O insanlar ki, valideyn hissindən məhrum olur, ömür boyu vicdan əzabı yaşayır, təbii ki, vicdan hissinin olduğunu bilirsə…
Gəlin lap əvvəldən başlayaq
Ailədə tam sağlam, fiziki və əqli cəhətdən normal uşaq doğulub (oğlan, yaxud qız). Elə ilk problem də burdan başlanır. Ailədə qız arzulanıb oğlan doğulubsa, ya da oğlan arzulanıb qız doğulubsa, ona münasibət qüsursuz, sağlam doğulmasına görə deyil, cinsinə görə başlanır. Arzulanan övladdırsa ilk günlərdən diqqət, qayğı, sevgi əsirgənmir, hələ uşaq tam sağlamdırsa hər şey ən yüksək səviyyədə düşünülür. Hamı bu günlə yaşayır. Lakin heç kim bilmir ki, sabah onu hansı sürprizlər, çətinliklər, qayğılar gözləyir. Dərd gəlirəm demir. Problemlər yarananda isə sevgi də, qayğı da azalır çox hallarda…
Mən ibtidai siniflərdə dərs dediyim üçün bu sahədə qarşılaşdığım problemlərdən və onların həlli yollarından danışmaq istərdim. Daha konkret desəm, təlimə cəlb etdiyim əqli məhdudiyyətli bir qızın cəmiyyətə necə uyğunlaşmasından…
Onunla ilk dəfə məktəbdə rastlaşdıq. Hər il olduğu kimi, yenə yay tətili idi və məktəbin yeni tədris ilinə başlanması ilə əlaqədar hazırlıq işləri ilə məşğul idim. Dəhlizdə 9-10 yaşlarında gözəl bir qız ürkək-ürkək ətrafa boylanır, elə bil nədənsə qorxur, kimi isə axtarırdı. Halbuki atası yanında idi və onun əlindən bərk-bərk tutmuşdu.Yanından keçəndə mənə baxıb gülümsədi, atasının əlini buraxıb mənə yaxınlaşdı, əlimi tutdu. Adını soruşdum. Aysu – “Bəs sənin adın nədi?”, -deyə mənimlə dialoqa başladı. Bir az söhbət etdik. Beləcə tanış olduq. Amma mən onda heç bir qüsur görmürdüm.
Ayrılıb sənədləri götürüb sinif otağına gəldim. 5-10 dəqiqə keçməmiş direktor məni çağırtdırdı. Gəldim. Aysu, atası və direktor otaqda söhbət edirdi. Direktor “Bu Aysudur. Bu gündən bu gözəl qızın müəllimi sizsiniz”, – deyəndə Aysu sevincək yanıma gəldi, yenə əlimdən tutub gülümsəyərək – “gedək, müəllim”, -dedi. Otağa tam sükut çökdü, atanın gözləri dolmuşdu. Yenə heç nə anlamadım. Direktor bildirdi ki, Aysu ilə sinif otağına gedim, bir az söhbət edim, sonra söhbətin nəticəsini ona bildirim.
Aysu ilə mənim dərs otağıma gəldik. Otağa girən kimi hər tərəfi nəzərdən keçirdi. Gözəl sözlərlə xoşuna gəldiyini dedi, hətta oturacağı partanı da göstərdi. Mən ona mehriban cavab verdikcə, xoş davrandıqca elə çox sevinirdi ki…
Bir az söhbət etdik, atası Aysunu apardı. Gedəndə dönüb “Yenə gələcəm”, -dedi və mənim üzümdən öpdü. Yenə heç nə hiss etmirdim.
Direktor Aysunun sənədlərini mənə təqdim edəndə onun haqqında bəzi məlumatlar da verdi. Məlum oldu ki, qızın sağlamlığında ciddi problemlər var. Aysu tam sağlam doğulub. 2-3 yaşlarında keçirdiyi xəstəliklə bağlı müalicənin düzgün aparılmamasının nəticəsində epilepsiyaya tutulub, uzunmüddətli müalicənin sonunda əsəb pozğunluğu yaranıb, çox səbrsiz olub, istədiyini etməyə qoymayanda və ya verməyəndə əşyaları vurub dağıdır, yanındakılara ziyan vurur, bir yerdə qərar tuta bilmir. Evdə də ana səbrsiz davranıb onu sakitləşdirmək üçün fiziki təzyiq göstərir. Ona görə də məktəb yaşı çatanda başqa uşaqlar kimi birgə yox, ayrı, fərdi təlim keçməyə cəlb edilib. Əvvəlki müəllimi Aysu ilə düzgün ünsiyyət qura bilməmiş, ona görə də o müəllimi istəmədiyi üçün həm məktəbi, həm də müəllimini dəyişmək qərarına gələn valideynlər bizim məktəbi seçmişlər. Dəhlizdəki qısa söhbətdən sonra isə Aysu məhz mənim onun müəllimi olmamı istəmiş. Bir məsəldə deyildiyi kimi, uşaq məhəbbət görən tərəfə gedər.
Çətin və məsuliyyətli tapşırıq
Direktoru dinlədikcə gözlərim doldu. Bu, çox çətin, çox ağır, çox məsuliyyətli bir tapşırıq idi. Digər tərəfdən də sevinirdim ki, həm direktor, həm də Aysu mənə güvənmişlər. Özümə inamım artmışdı, lakin məni irəlidə nələrin gözlədiyini bilmirdim. “Allah yardımçımız olsun”, -deyib razılaşdım.
Çətin yükün altına girmişdim. 27 il ancaq sağlam şagirdlərlə işləmişdim. İndi nəyi necə edəcəyimi düşünürdüm. Təhsil aldığım illərdə oxuduğum psixologiya kitablarındakı mövzuları, cəmiyyətdə rast gəldiyimiz sağlamlığında qüsur olan insanlarla ünsiyyəti xatırladım və özümə təsəlli verdim: yəqin ki bacaracam.
Səhəri – ilk təlimə başladığım günü isə heç vaxt xatirəmdən silə bilməyəcəyimə əminəm. Bu böyük dərd idi valideynlər üçün..
O günü keçirdiyim həyəcan yaddaşımda silinməz iz buraxıb: Aysunun söhbət etdiyimiz vaxt birdən qışqırması, sakitləşdirmək istədikdə qəfil yerə yıxılıb çapalaması, mənə fiziki zərbələr vurması. “İlahi, bu uşağa kömək ol!”, -deyib atasına zəng vurdum. Ata gəlincə beləcə qışqırmalar, çapalamalar davam etdi, göstərdiyim cəhdlər nəticəsiz qaldı. Ata gəldi, qızını o vəziyyətdə görüb gözləri dolmuş halda Aysunu qucaqladı. “Belə hallar tez-tez olur, qorxmayın”, -deyib həm qızını sakitləşdirir, həm də mənə sanki təskinlik verirdi.
Bütün bunları görəndən sonra istədim imtina edim, amma sonra fikrimdən daşındım. O gözəl üzün, məsum baxışın mənə ehtiyacı olduğunu hiss etdim. “Mən bacaracam!”, -deyib, ilk öncə Aysunun ürəyinə necə yol tapacağımı, özümü necə sevdirəcəyimi düşündüm. Əvvəl asan gəldi. Sağlam uşaqlarla keçdiyim metodları bu uşağa tətbiq edə bilməzdim. Odur ki, işi axarına buraxdım. Aysunun nələrdən xoşlana biləcəyini düşündüm və işə başladım.
Tətil olduğu üçün hər gün məktəbə gəlməsini təklif etdim. Düşünürdüm ki, əgər məktəbə öyrəşsə, məni sevsə, onda təlimə maraq və həvəs yaranacaq, sadəcə böyük səbr və təmkinlə davranmalıyam.
İşin mərhələləri
I mərhələ. Birinci gün otaqdakı şəkillərə baxdı, suallar verdi, bilmədiyi əşyaların adlarını soruşdu. Sakit və səbrlə dinləyir, izahlar verirdim. Stolun üstündə aldığım müxtəlif şəkilli stikerləri gördü, istədi, dedim ki, bu şəkilləri gözəl yazı yazanda uşaqların dəftərinə yapışdıracam. Bunu eşitcək dəftərini açdı, tapşırıq verməyimi istədi. Qırmızı qələmlə bir neçə söz başladım və davam etməsini tapşırdım. Razılaşdı. Bir əlində stikeri tutub, digər əli ilə yazmağa başladı. İlk uğur. Artıq yazmağa həvəs və maraq yaranmışdı.
2-3 gün bu formada davam etdik. Hər gün bir az da davam etmək istəyirdi. Yazdıqca söhbət edir, öz ailəsindən danışırdı. Səbrlə dinləyir, bəzi hallarda etiraz edirdim. Amma sevinirdim ki, mənim etirazıma aqressiv yox, sakit cavab verir.
II mərhələ. Bu dəfə müxtəlif şəkilli kitablar hazırladım. Aysu kitabdakı şəkillərə baxdı, şəklin yanındakı, altındakı mətndə nələr yazıldığını məndən soruşdu, lakin başa saldım ki, bunun üçün oxumağı öyrənmək lazımdır. Hərf-hərf oxumağa cəhd etdi. Marağını görüb ona dərs kitabı verdim. Kitabı çox sevinclə götürdü. Bu ikinci uğur idi -oxumaq həvəsi yaranmışdı.
III mərhələ. Məktəbli uşaqların çəkdiyi şəkilləri divardan asmışdım. Şəkilləri görüb kimin çəkdiyi ilə maraqlandı. Uşaqların çəkdiyini eşidəndə isə məndən karandaş və vərəq istədi. Nə çəkmək istədiyini soruşdum. Cavab vermədi, gül və ağac şəkli çəkdi. Bu artıq cavab idi; həyat və gözəllik rəmzi. Deməli, irəliləyiş var.
Hər keçən gün təlim vaxtı bir az da uzanır, əlavə qalmaq istəyirdi.
“Şərtsiz sevgi bizim uşağa verə biləcəyimiz ən yaxşı hissdir”
“Uşağı əməlinə görə sevərlər” fikrindən uzaq olmaq lazımdır. Uşağın yaddaşında, “uşağı yaxşı əmələ, nümunəvi davranışa və əla oxumağa görə sevərlər” fikrinin həkk olunmasına imkan verməmək lazımdır. Çünki şərtsiz sevgi bizim uşağa verə biləcəyimiz ən yaxşı hissdir.
Çox vaxt valideynlər uşaqlarına olan sevgini gizli saxlayır, onlara az vaxt ayırırlar, lakin daxilən çox sevir, sevgilərini açıq desələr uşağın arxayınlaşacağından ehtiyat edirlər. Bəzən də elə bilirlər ki, belə davransalar uşaqları daha da yaxşı öyrənməyə can atacaq. Halbuki, gözlədiklərinin tam əksini görürlər.
Hər bir valideyn elə ilk gündən öz sevgisini açıqca nümayiş etdirməli, uşağı nə elədiyinə görə yox, varlığına görə sevməli, onlara çox vaxt ayırmalı, suallarına tam, ətraflı, dürüst cavab verməlidirlər. Bu, məktəbyaşlı uşaqların inkişafının vacib addımıdır.
Uşağın qəzəbini qəbul etmək və onun narazı qalmaq hüququnun olduğunu, buna görə ondan üz çevirməyəcəyinizi bilməsi vacibdir. Qəzəb hissini hərəkətlərlə yox, sözlərlə ifadə etməsinə kömək edilməlidir. Qəzəbə qəzəblə cavab vermək uşaqda aqressivlik yaradır və ətrafa ziyanlıq dəyir, nəticədə uşağın valideyndən uzaqlaşmasına səbəb olur.
Məktəbə gələn uşaq çox şeydən qorxur, çünki hələ məktəbə gəlməmiş onu qorxudan sözlər eşidir. Məsələn, dərs oxumasan müəllim səni cəzalandıracaq və s. kimi ifadələrlə isə sanki yaxşı olmalarına kömək edirlər. Ona görə də uşaq sinif yoldaşlarının, dostlarının onunla ünsiyyət etməmələrindən, başqalarının onun sözünə, hərəkətinə gülmələrindən, müəllimin, onun verdiyi səhv cavaba görə danlayacağından qorxub çəkinir. Onun bu qorxuya qalib gəlməsinə kömək etmək üçün uşağın səhv etmək qorxusuna diqqətlə yanaşmaq lazımdır.
İstər kiçik, istər böyük, istər sağlam, istər xəstə, istər qoca, istərsə cavan, hər kim olursa-olsun, xoş sözə, münasibətə, ünsiyyətə, diqqətə, qayğıya, nəvazişə ehtiyac duyur. Bunlar isə ən çox kiçikyaşlı, xəstə uşaqlara lazımdır. Çünki onlar köməksiz, məsum varlıqlardır.
Aysu ilə də bu fikirlə ünsiyyət qururdum. İlk günlər çətinliklər olsa da sonradan onunla təkcə müəllim-şagird yox, həm də yaxın dost olduq.
Artıq məktəbin başlanmasına bir neçə gün qalmışdı. Baxmayaraq ki, Aysu III sinifdə oxumalı idi, amma o indiyədək heç “Bilik günü” bayramında iştirak etməmişdi. İlk olaraq bu sevinci onun da yaşamasını istədim.Valideynlərindən Aysunu məktəbə gətirmələrini xahiş etdim. Həmin gün gəlmədilər, məlum oldu ki, yenə epilepsiyası tutubmuş. Lakin sonrakı günlər onun üçün ayrılmış saatlarda təlimə başladıq.
İlk dərs
2 ay keçdi. Bir gün Aysuya məktəbə gəlmək, uşaqlarla görüşüb-görüşməmək istədiyini sual etdim. Düzdür, bu hərəkətim çox riskli idi. Amma hər şeyi gözə alıb təklifimin cavabını gözlədim. Heç nə demədi, ancaq məsum baxışlarla gülümsədi. Bəlkə qorxurdu, bəlkə sevinirdi, bəlkə də məndən belə sual gözləmirdi. Ürəyimdə doğru addım atdığımı hiss etdim. Səbirsizliklə səhərin açılmasını gözlədim.Və, nəhayət, o an.
Səhər dərsdə idim, qapı döyüldü. Gələn Aysu idi. Anası ilə məktəbə gəlmişdi. İçəri keçib mənə salam verdi. Uşaqlar ayağa qalxdı və salam verdilər. Aysunun o andakı sevincini göstərmək olsaydı…
Anası dedi ki, Aysu səhərəcən məktəbə gələcəyini gözləyib. Sinfə baxdı, ön sıralarda boş yer görməyib keçib sonuncu partada əyləşdi. Qəribə idi ki, hər gün 1-ci partada əyləşən Aysu heç bir təzyiq, təsir göstərmədən arxada əyləşdi. Məktəbli forması geyinmiş, ağ bantlı, sinələrində üçrəngli bayraq nişanı taxmış uşaqlara sanki həsədlə baxır, susurdu.
Dərsə davam etdim. Yeni dərsi izah etməyə başlamışdım ki, səsimin ucadan gəlməsi Aysunu narahat etdi deyəsən, mənə aqressiv halda “Qışqırma, səsin başıma düşür, gəl mənə dərs öyrət”, -dedi. Donub qaldım. Uşaqlar dönüb ona baxanda o da heç nə olmamış kimi onların üzünə baxıb gülümsəyirdi (uşaqlar onun xəstə olduğunu bilmirdi, mən sonralar hər şeyi uşaqlara danışdım).
Ana pərt olmuşdu. Acı mənzərə ona pis təsir etmişdi. Mən dərsi saxlayıb Aysunun yanına gəldim, ipək kimi saçlarına sığal çəkib bir neçə söz yazıb tamamlamasını söylədim və dərsə davam etdim. Lakin bu dəfə səs tonu onu narahat etmirdi. Bu mənzərədə həm sevinc, həm də acı həqiqət vardı. Sevinc tək o idi ki, artıq təlimə, məktəbə maraq, həvəs yaranıb. Acı o idi ki, xəstəliyi ilə əlaqədar fərdi məşğələ keçildiyindən, cəmiyyətdən uzaqda qalmış, yaşıdları ilə ünsiyyət etməmiş, tək qalmış, ancaq sakit olmasına çalışılmışdı.
Mən Aysuya xoş davranıb tapşırıq verəndə o sakitləşib yazılarını yazmağa başlayırdı. Sonrakı dərsdə isə o artıq uşaqlara baxır, onların hərəkətlərini izləyir və onlar kimi davranırdı, hətta bəzi uşaqlarla ünsiyyət də qurur, bəzən də bütün diqqəti öz üzərinə çəkmək üçün icazəsiz müraciətlər edirdi.
Bir ay da keçdi. Aysu yenə anasından onu məktəbə aparmasını istəyib. Bu dəfə tamam fərqli halda. Bir möcüzə kimi.
Aysu atasından ona məktəbli forması, bant, nişan, çanta, məktəbli kitabçası və başqa dərs ləvazimatları almasını istəyib. Valideynlər də böyük sevinc hissi ilə hər şey alıblar.
Nəticə
Düşünə bilirsinizmi, bu, əqli cəhətdən qüsurlu uşağın valideynləri üçün nə böyük xoşbəxtlikdir?
Səhəri qapı açılanda qarşımda sanki heç bir xəstəliyi olmayan bir məktəbli qız dayanmışdı. Məktəbli paltarı ona çox yaraşırdı, ağ köynək, qoşa ağ bantlar gözəl üzünə işıq salırdı sanki. Sevincdən gözlərinin içi parıldayırdı. Uşaqlar onu görən kimi – “Aysu, xoş gəldin!” – dedilər. Hər kəs öz yanında ona yer göstərdi. Elə sevinirdi ki… Ana göz yaşlarını gizlətməyə çalışırdı, bu sevinc göz yaşları idi. Mən də kövrəldim. Bu sevincdə mənim də payım vardı çünki..
İndi Aysu hər gün məktəbə gəlmək, oxumaq, yazmaq istəyir. Davranışı tamam dəyişib. Xoş rəftar, anlayış göstərmək sanki onun sağalmasına böyük təsir edib.
El arasında belə bir söz də vardır ki, həkimin ən effektli müalicəsi onun xoş sözü, mehriban münasibəti və gülərüz simasından çox asılıdır.
Müəllim də təlimdə uğur qazanmaq üçün davranış tərzinə diqqət etməli, xəstə, sağlam, fərq etməz, hər şagirdə doğma övladı kimi yanaşmalıdır.(muallim.edu.az)
Ağdaş şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
https://mektebgushesi.az

Bənzər yazılar