Bakıxanov İdman Liseyinin şagirdi 12 yaşlı Dadaşov Amil Zaur oğlunun  itkin düşməsi ilə baglı mətbuatda gedən informasiyalara və bu kimi oxşar hadisələrə Millət vəkili Fazil Mustafa  münasibət bildirib
“Bakı şəhərində yaşayan, mayın 12-dən yoxa çıxan 11 yaşlı Amil küçələrdə gecələyib. Tapılandan sonra Amilin bibisi mətbuata uşağın oxumaq istəmədiyi üçün evdən qaçdığını deyib.” Sakit bir xəbərdir. Xəbərin sonunda heyrət, həyəcan ifadə edən heç bir işarə qoyulmayıb. Yəni nidalıq deyil. Xəbərin sonunda heç sual da qoyulmayıb. Bitmiş bir fikir kimi təqdim olunub, cümlə sakit bər axarda tamamlanıb.
 
Amilin oxumaq istəmədiyi ayrıca bir faciədir, küçələrdə gecələməyi ayrıca faciədir, xəbərin təqdimatı da ayrıca faciədir. Həm də reallıqdır. Artıq cəmiyyətdə 11 yaşlı uşağın oxumaqdan imtina etməsi, küçələrdə gecələməyi oxumaqdan üstün tutması adı bir görüntüdür, sıradan bir xəbərdir. Əslində cəmiyyətdə bu fakta yönəlik həyəcan olmayanda bu ovqat paylaşılan xəbərə də yansımır.
Uşaqlıqda “Əhməd haradadır?” filminə baxarkən o qızın çağırış üslubu və həyəcanı hələ də qulağımda cingildəyir; “Nərgiz xala, oğlun Əhməd gəlir!” Halbuki Əhməd elə də təmtəraqla gəlmirdi və bu çığırtı onun gəlişinin dəyərini birə beş artırmaq məqsədi güdürdü. İndi Amilin oxumaqdan qaçması yanğın alarmı qədər, zəlzələ alarmı qədər dəhşətli bir hadisədir, bunu intihar hadisəsi kimi, səs-küylü cinayət hadisəsi kimi təqdim etmək vacibdir, zəruridir.
11 yaşlı Amili, 12 yaşlı Aişəni, 13 yaşlı Davudu, 14 yaşlı Əhmədi, 15 yaşlı Zöhrəni, 16 yaşlı Həsəni küçədən, masaj salonundan, restoranlardan, dilənçi icmasından yığıb-yığışdırıb məktəbə yönəltməsək işimiz çox ağır olacaq. Məcburi oxutmalıyıq, həvəsləndirərək oxutmalıyıq, şirnikləndirərək oxutmalıyıq! Hamının oxumaq imkanı olacaq məktəb alternativinə pul xərcləməliyik, sahibkarları təşviq etməliyik, vergidən azad etməliyik ki, Amilləri küçədən yığışdırıb açdığı məktəblərə apara bilsin. Bilmirəm, bəlkə də real görünmür, sadəcə təhsilə qarşı bütün cəmiyyətin fədakarlıq göstərməsi yetərlidir ki, uşaqlar oxumaqdan qaçaraq küçələrdə gecələməsinlər.
 
https://mektebgushesi.az

Bənzər yazılar