Almaniyanın Braunşvayq Texniki Universitetində çalışan həmyerlimiz Pərviz Əmiraslanov süni intellekt metodunu rəhbərlik etdiyi elmi şöbədə tətbiq etməklə praktiki şəkildə yeni fəaliyyət xəttinə keçməsi bacarıb.
mektebgushesi.az Moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli dahi alim Lütfi Zadənin dünya elminə bağışladığı nəzəriyyəni şöbəsində tətbiq edəcək alim fikirlərini bu cür əsaslandırıb:
 
“Süni İntellekt” rəqəmsal şəbəkə olaraq son dövrdə müasir texnologiyalara ciddi diffuziya etməkdədir. Hal hazırda alimləri, beyin mərkəzlərini də qorxudan bu “süni intellekt” bizdən də yan keçmir. “Kompüter pioneri” sayılan məşhur riyaziyyatçı Alan Turingin 1950 ci illərdəki eksperimentləri və nəzəriyyəsi indi  onu göstərir ki, biz artıq bu işə praktiki olaraq başlamalıyıq. “Tamagotchi”-dən tutmuş robotlara, “SmartPhone”, “Google” yaratdığı müxtəlif adlarda yardımçı sistemlərə, Amazon-Alexə qədər hamısı bu metodlarla işləyir. Fuzzy Logic yaradıcısı Prof. Zadə (Lütfi Zadə) Neuronal şəbəkələrin istifadəsini də boşuna elmimizə hədiyyə etmədi.
Pərviz Əmiraslan adlı şəxsin şəkli.
Hazırda illərdir arzuladığım sahəni rəhbərlik etdiyim elmi şöbəmizdə ciddi elmi müzakirələrdən sonra kiçik bir qrup halında eksperimental olaraq inkişaf etdirməyə icazə aldım. Bu mənə rahat başa gəlmədi. Öncə büdcə vermədilər, iqtisadi böhran olacağından qorxdular və s. digər əngəllərlə üzləşdim. Sonunda şöbəmiz axır ki, bu sahədə praktiki işə başlayacaq. Nəzəriyyə ilə məşğul idik; bir neçə riyazi model və proqramımız var. Amma konkret olaraq tətbiq yox idi, yəni büdcəmiz çatmırdı. Allaha şükürlər olsun, bu işə də start verdik.
“Gələcəyimiz belə texnologiyalardan keçir. Yaponiya hələ ki, yenə öndə gedir, onlara çata bilmirik Almaniya olaraq. Nə qədər qabaqlamağa çalışsaq da, hələ ki, nail ola bilməmişik”.
Qeyd edək ki,  Əmiraslanov Pərviz Arzuman oğlu 1971-ci il iyulun 28-də  Tovuz rayonunun Sarıtala kəndində anadan olub. Qovlar qəsəbəsindəki 98 nömrəli  Orta Texniki Peşə Məktəbinə daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olub. Azərbaycan Texniki Universitetinin Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə kafedrasında tədqiqatçı-mühəndis kimi əmək  fəaliyyətinə başlayıb
1995-ci ilin oktyabrında həmin kafedrada laboratoriya müdiri vəzifəsinə təyin olunub. “Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin avtomatlaşdırılmış layihələndirilməsi” adlı metodik vəsaitin (1997)  və Azərbaycan dilində ilk dəfə olaraq “Maşınqayırmada riyazi modelləşdirmə” adlı kitabın (1998) müəllifidir.
1999-cu ildə Almaniya Federativ Respublikasına getdikdən sonra qazandığı təqaüd proqramı çərçivəsində Hannover şəhərində Lazer Mərkəzi və digər sənaye profilli elmi-tədqiqat işlərində əvvəl yardımçı, kiçik və daha sonra isə böyük elmi işçi işləyib. Bu işlərin elmi nəticələrinə əsasən Braunşvayq Texniki Universitetində elmi işçi olaraq işə götürülüb. 2001-ci ilin aprelində Braunşvayq Texniki Universitetinin maşınqayırma fakültəsində  “Avtomobil hissələrində lazerlə pardaxlama prosesinin modelləşdirilməsi” mövzusunda dissertasiya  müdafiə edərək doktor tituluna layiq görülüb. 2002-ci ilin mart ayında Braunşvayq Texniki Universitetinin təhsil şöbəsinin və Almaniya Aşağı Saksoniya əyalətinin Təhsil Nazirliyinin birgə qərarı ilə dosent olaraq dərs deməyə başlayıb. Dərs dediyi müddətdə dəfələrlə universitet tərəfindən müxtəlif diplomlara layiq görülüb. 2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür.

Bənzər yazılar