Bunu jurnalistlərlə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, qəbul imtahanlarında istifadə olunan test modelləri, test üsulu heç bir savad və bilik göstəriciləri deyil:
“Test sadəcə seçim üsuludur. Kiminsə 700 bal toplaması onun maksimum biliyə, savada malik olması demək deyil. Yəni imtahanda iştirak edən daha hazırlıqlı, daha diqqətli tələbələr 700 bal toplayır. Bu, hazırda keçirilən birinci imtahandır. 700 balın toplanması təsadüf ola bilər. Əgər digər imtahanda da həmin şagirdlər 700 bal toplasalar, bu, o deməkdir ki, həmin şagirdlərin digərlərinə nisbətən mənimsəmə qabiliyyəti yüksəkdir. Həmin şəxslər eyni uğuru təkrarlasalar, demək, bu, təsadüfi nəticə deyil.
Digər tərəfdən, may ayının 7-də imtahan keçirildi, aprel 30-da isə ilk imtahan baş tutub. Nəzərə alsaq ki, orta ümumtəhsil məktəblərində dərs proqramı iyun ayının 14-də bitəcək, çox qəribədir ki, indi keçirilməyən mövzular üzrə hər fənndən 3 sual düşmüşdü. Şagird keçmədiyi mövzudan necə cavab verə bilir? Sanki, siz yarış başa çatmamış qalib olursuz, finiş xəttinə çatmamış özünüzü qalib elan edirsiniz. Bu, onu göstərir ki, hazırda toplanılan nəticələr Azərbaycan məktəblərinin, Azərbayan təhsil sisteminin nəticəsi deyil. Həmin şəxslərin getdiyi özəl kursların, hazırlaşdıqları repititor müəllimlərin nəticələridir. Çünki orta ümumtəhsil məktəblərinin tədris proqramı başa çatmayıb və başa çatmamış da maksimum nəticə göstərmək reallığı əks etdirmir”.
K.Əsədov hesab edir ki, qəbul imtahanında istifadə olunan test materialları yeni deyil, hətta onlardan 2015-2016-cı illərdə qəbul və sınaq imtahanlarında istifadə olunub:
“Hazırlıqlarda şagirdlər də mütəmadi olaraq həmin testləri işlədiklərinə görə rahatlıqla yüksək nəticə göstərə bilirlər. Ağırlıq dərəcəsinə gəldikdə isə bu il istifadə olunan test materiallarının 2015, 2016, 2017-ci illərdə istifadə olunan test materiallara nisbətən ağırlığı daha aşağı səviyyədədir. Bunun da kökündə o durur ki, iştirak edən abuturiyentlərin sayı əvvəlkinə nisbətən daha azdır. İlk növbədə Azərbaycan universitetlərinin plan yerlərini doldurmaqdan ötrü şagirdlərə fürsət yaradılır. Çünki keçən il bəzi universitetlərin plan yerlərinin 79 faizi dolmuşdu, bəzilər isə plan yerlərini cəmi 15 faiz doldura bilmişdi. Ümumilikdə keçən il 2500 plan yeri dolmamışdı. Bunların qarşısını almaq üçün Dövlət İmtahan Mərkəzi belə bir addım atıb. Bu, danılmaz faktdır ki, test tapşırıqlarının demək olar, hamısı işlənmiş və abuturiyentlərə məlum olan test tapşırıqları idi, çətinlik dərəcəsi də çox aşağı idi”.

Bənzər yazılar