Təhsil ocaqlarının inkişafı paytaxt sərhədlərini adlayır
Məktəbgushesi.az internet portalının kollektivi ümumilikdə ölkənin 31 ali təhsil ocağını əhatə edən virtual sorğularının izi ilə Azərbaycanın qədim şəhəri, tarixi və müasir elm, mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərinə səfər ediblər.
Məlumat üçün bildirək ki, sorğuda 2684 respondent iştirak edib. Sorğuda qalib gəlmək və ya ilk yerləri bölüşmək üçün universitetlərin müəllim və tələbə kontingentinə böyük, sərbəst imkanlar tanınıb. Bu, həm də o məqsədlə nəzərə alınıb ki, hər hansı bir ali təhsil ocağı haqqında müfəssəl məlumatlara daha çox elə həmin universitetlərin daxilində fəaliyyət göstərənlər və təhsil alanlar malik ola bilərlər. Bu zaman obyektivliyi qorumaq üçün müstəsna imkanlar ortaya çıxır.
Məsələnin başqa və daha vacib tərəfi isə bilavasitə sorğunun hədəflərinin dəqiq nəticələnməsi məqsədilə ali təhsil kontingentlərinin öz çalışıb-oxuduqları müəssisələrindəki islahatlara münasibətlərini öyrənmək idi. Bu isə təkcə səsverənlərin deyil, ümumilikdə islahat proqramlarının əsl, gerçək mahiyyətinin açılması və ictimailəşməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Bütün universitetlərə təbii ki, eyni forma və məzmunda müraciət olunmuşdu. Sorğunun islahatlarla bağlılığı izah edilmişdi. Onlardan təhsil aldığı ocaqlarda həqiqətənmi hansısa islahatların aparılması və ya sadəcə görüntülər yaradıldığı barədə həm də bir vətəndaş münasibəti sərgiləmələri xahiş olunmuşdu. Əlbəttə, biz bilirdik ki, universitetlərdə gedən islahatlarla baglı əsl, dəqiq məlumatlar əsasən universitetin müəllim kollektivi və tələbələrində olur. Bir daha xatırladırıq ki, respondent olaraq sorğuya da həmin universitetlərdə çalışan müəllimlər və tələbələrini cəlb etdik.
Məsələnin texniki tərəfini isə əsasən xüsusi proqram əsasında bir provayderin yalnız bir dəfə səs verə biləcəyi şərtilə məhdudlaşdırdıq. Bu da öz müsbət nəticəsini göstərdi. Əks təqdirdə biz arzulamadığımız anarxik bir səsvermə ilə üzləşməli olardıq.
Nəticələr haqqında artıq məlumatlısınız. İlk beşlikdə yer alan universitetlər sırasına 1107 səslə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) liderlik edirdi. İkinci yerə 462 səslə Lənkəran Dövlət Universiteti (LDU), üçüncü yerə isə 290 səslə Qərb Universiteti yiyələnmişdi. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 227 səslə 4-cü, Gəncə Dövlət Universiteti isə 114 səslə 5-ci yerləri bölüşdürmüşdü.
Sorğunun nəticələrində ən maraq doğuran məsələlərdən biri regionlarda yerləşən universitetlərimizin yuxarı pillələrdə qərarlaşmasıdır. Bu, həm region universitetlərinin inkişafı baxımından diqqətəlayiq hadisə, həm də xüsusi olaraq islahat mexanizminin paytaxt sərhədlərini aşmasını, bölgələrimizə ayaq açmasını stimullaşdıran əlamət kimi sevindirici bir haldır. Lakin bu nəticələr daim paytaxtda
yerləşən universitetləri qalib görmüş təhsil üzrə ekspertlərin proqnozlarını alt-üst etdi. Ekspert qrupuna tanınmış ekspertlər Nadir İsrafilov, Şahlar Əsgərov, Limunət Əmrahlı və Kamran Əsədov daxil idi. Amma fakt faktlığında qalır. Bu faktın – virtual sorğunun həqiqətə nə qədər əsaslandığını yaxından görmək və I yerin qalibinə müvafiq diplomu təqdim etmək üçün məktəbgushesi.az internet portalının kollektivi ADAU-da oldu.
Canlı auditoriyalar
 

 
 
 
 
 
 
 
 
ADAU haqqında indiyədək yalnız mətbuatdan və burada vaxtilə təhsil almış məzunlar vasitəsilə məlumatlı idik. Ona görə də tanışlığa kabinetlərdə eşidəcəklərimizdən yox, universitetin korpuslarının yerləşdiyi böyük ərazilərdə yaradılmış aqrotexniki qurğular, bu qurğular vasitəsilə təcrübə məqsədilə yetişdirilmiş tərəvəz istixanaları, toyuq yetişdirmə, balıq istehsalı üzrə ixtisaslaşmış ayrı-ayrı ərazilərə baxdıq. Burada hər dəqiqənin qədrini bilmək, nə isə öyrənmək, həm də təbiətdən zövq almaq imkanını əldən buraxmaq istəmir insan. Amma bu qeyri-adi növlərin əldə edilməsində və daha da inkişaf etdirilərək yeniləşdirilməsində, xüsusilə intensiv inkişafın, rentabelliliyin davamlı təmin edilməsində müasir avadanlığın da rolunu qeyd etməyə bilmərik. Bu avadanlığı universitet rəhbərliyi dövlətin dəstəyi, tabe olduqları Kənd Təssərüfatı Nazirliyinin xüsusi qaygısı, büdcə və daxili imkanlarını işə salaraq əldə edib və canlı auditoriyalarda onları quraşdırıb. Meliorasiya qurğuları, damcılı və digər suvarma sistemləri ən müasir formada təşkil edilib. Patoloji-anatomiya muzeyində canlı orqanizmlərin xəstəliklərinin nümunələri əyani şəkildə qorunub saxlanılır, onların üzərində xəstəliyin tapılması və müalicə üsulları araşdırılır. Burada ikibaşlı doğulmuş buzovdan tutmuş, gözlə görünməyən bakteriyalara qədər hər bir xəstəlik barədə əyani vəsaitlər qorunur. Qiyməti milyon dollarlarla ölçülən aparatlar da tələbələrin ixtiyarındadır.
Keçmişə ehtiram, müasir tələbə-müəllim ünsiyyəti
Sonra auditoriyalarla tanış olduq. Tələbələrin hazırlığını rektor, kənd təsərrüfatı elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bizim də iştirakımızla sorğu-sualla davam etdirirdi. Diqqətimizi çəkən ən vacib amillərdən biri də universitetdə kənd təsərrüfatı alimləri və bu universitetdə ayrı-ayrı sahələr üzrə xüsusi xidmətləri olmuş elm fədailərinin adına kabinetlər təşkil edilməsi, bu kabinetlərdə onların xatirəsi üçün ətraflı məlumatların yerləşdirilməsi kimi əlamətlər oldu. Bu həm təbii ki onların xidmətləri və ruhları qarşısında dərin ehtiram, həm də tələbələrin elmə, təhsilə marağının artırılması yönündə əvəzsiz vasitədir. Burada akademik Həsən Əliyevin, akademik İmam Mustafayevin də adına müvafiq kabinetlərlə tanış olduq.
ADAU ilə tanışlığımız tələbə yataqxanalarında davam etdi. Bu zaman tələbələrlə birbaşa təmas imkanları da yarandı.
 

Yeni tikilib istifadəyə verilmiş yeddimərtəbəli və tikilib yekunlaşmaq üzrə olan yataqxananın şəraiti ilə maraqlandıq. Tələbə yaşayışına normal şərait var idi. Bir nəfər üçün 20 AZN yataqxana haqqının olduğunu, bu qiymətin içində onlara camaşır xidməti də göstərildiyini, yataqxananın yeməkxanasında yemək qiymətlərinin 1,2 AZN-i ötməməsinin xüsusi nəzarətdə saxlanıldığını söylədilər. Qiraət otaqları, idman zalı, konfrans otağı, ərzaq dükanı da çox müasir səviyyədə təşkil olunmuşdu. Tələbələr nizam-intizam qaydalarına xüsusilə əməl edildiyini, yataqxana ərazisində siqaretə, spirtli içkilərə icazə verilmədiyini qeyd etdilər. Universitet rəhbərliyi ilə münasibətlərinin səviyyəsi – lazım olduqda hətta şikayət və təkliflərini belə çatdırmaq üçün ən yüksək səviyyədə – rektorla telefon, whatsapp vasitəsilə əlaqələnə bildiklərini etiraf etdilər. Bütün bunlar bir yenilik təzahürü bağışlayırdı.
ADAU-nun bütün korpuslarını gəzib dərs prosesi və müasir avadanlıqlarla tanış olmağımızda bizlərə universitetinin tədris işləri üzrə prorektoru, iqtisad  üzrə fəlsəfə doktoru, dosent Anar Hətəmov və mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli yardımçı oldular.
ADAU birincidir

Sonda pedaqoji kollektivin iştirakı ilə diplomun təqdimat mərasimi keçirildi. Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov geniş nitq söyləyərək universitetdə aparılan islahat işləri barədə ətraflı məlumat verdi və bu işlərə belə sıcaq dəstək nümayiş etdirdiklərinə görə müəllim-tələbə heyətinə təşəkkür etdi. Eyni zamanda obyektivlik nümayiş etdirdiyinə görə məktəbgushesi.az internet saytının kollektivinə də minnətdarlığını bildirdi.
Sonra məktəbgushesi.az internet portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli sorğunun ideyasının necə yarandığı, mütəmadi olaraq səsvermənin monitorinq olunduğu, ekspertlərin nəticələrə müxtəlif münasibətləri və s. barədə çıxış edərək nəticələrin onlar üçün gözlənilməz, lakin regionda yerləşən ali təhsil ocağının artıq canlı şahidlərinə çevrildiyimiz islahatlarına müəllim-tələbə heyətinin adekvat reaksiyasından məmnunluğunu ifadə etdi. Sonra diplomu alqış sədaları altında rektor İbrahim Cəfərova təqdim etdi, kollektivə növbəti uğurlar arzuladı.
Nəzirməmməd Zöhrablı

Bənzər yazılar