Mayın 6-da Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana İotova Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq əlaqələrindən danışıb. Vurğulanıb ki, bu münasibətlər tarixin sınaqlarından uğurla keçib. Rektor Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını, azərbaycanlı tələbələrin bolqar dilini, mədəniyyətini öyrəndiyini söyləyib. Həmçinin bolqar tələbələrin də Azərbaycan dilini, milli-adət-ənənələrmizi öyrəndiyini vurğulayıb.
Rektor İ.İotovanın BSU-ya gəlişini Azərbaycan ilə Bolqarıstan arasında tarixi-mədəni münasibətlərin yeni mərhələdə davamı kimi dəyərləndirib.
N.Əliyeva universitetin yaranması, fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Dağlıq Qarabağ problemi, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə danışıb.
İ.İotova görüşə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanın müstəqillik qazandıqdan sonra Bolqarıstanla daha intensiv münasibətlər saxladığını, dövlətimizin başçısının bu sahədə ciddi işlər gördüyünü qeyd edib.
Qonaq BSU-nun Bolqarıstanın ali məktəbləri ilə sıx əlaqəsindən məmnunluğunu bildirib, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sonda İ.İotova BSU-nun Bolqar dili Tədris və Mədəniyyət Mərkəzində olub, universitetin kollektivi ilə görüşüb.
https://mektebgushesi.az

Bənzər yazılar