BDU ilə Misir universitetləri arasında elmi-tədqiqat işləri genişlənir

Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan, Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi ilə mayın 6-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən danışıb. BDU-nun Misir universitetləri ilə əməkdaşlığından bəhs edən rektor, eyni zamanda, ərəb dili və ədəbiyyatı üzrə kadr hazırlığı, Azərbaycan-ərəb elmi məktəbləri barədə də məlumat verib.

Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi BDU ilə tanışlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin daha da inkişaf etdirilməsinə dəstək verəcəklərini söyləyib.

Görüşdə BDU ilə Misir universitetləri arasında elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, birgə konfransların keçirilməsi məsələləri müzakirə olunub.

Sonda misirli qonaq universitetin elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olub.

http://mektebgushesi.az