Mayın 6-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının final mərhələsi keçiriləcək.
Finalda olimpiadanın məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinifləri üzrə uğur qazanan 2.041 şagird iştirak edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, olimpiadanın final mərhələsi saat 11:00-da başlanacaq və saat 12:30-da başa çatacaq.
İlk turda olduğu kimi, final mərhələsində də şagirdlərə 30 test sualı təqdim ediləcək.
Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.
Qeyd edək ki, BŞTİ və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.
Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan maraqlarını artırmaqdır.

Bənzər yazılar