“Qəbul imtahanlarında iştirak edən abituriyentlərin aşağı nəticə göstərməsinin səbəblərini bilmək üçün ilk növbədə onlara təqdim olunan testlərə baxmaq lazımdır”.
Bunu Sherg.az-a ötən il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 55,4 faizinin 200 baldan aşağı nəticə göstərməsinə münasibət bildirərkən Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib.
O bildirib ki, testlərin çətinlik dərəcəsindən çox şey asılıdır:
“Testləri elə hazırlayarlar ki, abituriyentlərin 20,30, 40 faizi kəsilə bilər. Ona görə bunun üçün ciddi elmi araşdırma lazımdır ki, testlərin səviyyəsi müəyyən olunsun. Bundan başqa dəyişmələr inqilabı olmur. Düşünmürəm ki, qısa zaman içərisində orta məktəblərdə təhsilin keyfiyyətini güclü şəkildə artırmaq olsun. Bu səbəbdən böyük dəyişiklik olmayanda ciddi nəticə də gözləmək olmaz”.
Azərbaycanda 9-11 sinifdə oxuyan 92 şagirdin yazıb, oxuya bilməməsinə gəlincə, ekspert düşünrü ki,  heç yazmağı bacarmayan yəqin ki, yoxdur:
“Ola bilər həmin şagirdlər zəif yazı yazıb, savadsız nəticə göstəriblər. Hər halda hamı hərfləri tanıyar, yazmaq hərfləri öyrənməyə deyilir. Hərfləri öyrənmək üçün ciddi istedad tələb olunmur. Amma tək-tük insanlar var ki, qeyri-adi dərəcədə savadsız olurlar. Onlar dünyanın hər yerində var. Hətta təhsil cəhətdən inkişaf etmiş Amerikada  da yazıb-oxumağı bacarmayanlar var. Amma , bu, o demək deyil ki, amerikalılar savadsızdır. Az sayda insanın yazıb, oxuya bilməməyi mümkün olan hadisədir”.
Qeyd edək ki, ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Bənzər yazılar