Təhsil ekspertindən imtahanlarla bağlı açıqlama…


Tanınmış təhsil eksperti Kamran Əsədov Moderator.az-a açıqlamasında Azərbaycan və rus bölməsi abituriyentlərinin ali məktəb müəssislərinə qəbul qaydasını izah edib. Ekspert imtahanda iştirak edəcək abituriyentlərin etməli olduğu ödənişlərin məbləğinə də aydınlıq gətirib:
“Bildiniz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2017-ci il martın 16-dan aprelin 10-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır. Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili fənnindən test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. “Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – 2017-ci il aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Aprelin 9-da keçiriləcək imtahanda iştirak etmək istəyən abituriyentlər martın 31-i saat 23:59-dək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini aprelin 1-dən 10-dək təsdiq edən abituriyentlər iyunun 11-də keçirilən imtahanda iştirak edirlər. Martın 31-i saat 23:59-dək ərizələrini təsdiq edən abituriyentlər ilk imtahanda iştirak edə bilmədiyi və yaxud “qeyri-məqbul” aldığı halda, təkrar imtahanda iştirak etmək üçün mayın 20-dən 31-dək dim.gov.az internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir . “Azərbaycan dili” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.
Artıq aprelin 9-unda keçriləcək rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən qeydiyyatı başa çatıb. 9 aprel tarixində keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərin sayı 6628 nəfərdir. Bu imtahanda iştirak etmək üçün abituriyentlər 10 manatlarından keçməlidir. Cari ilin məzunlarının bu imtahan xərci dövlət büdcəsindən ödənir. Azərbaycan dili imtahanından DİM-in qazancı 66280 manatdır. Amma əvvəlki illərdə bu imtahanlar ödənişsiz olaraq həyata keçrilirdi. Rus bölməsi abituriyentləri üçün qəbul plan yerinin 4 minə yaxın olduğunu nəzərə alsaq, onların ali məktəblərə qəbul olma şansının Azərbaycan bölməsindən çox olduğunu görərik. Bu il rus bölməsi üzrə imtahanda iştirak edənlərin sayında əvvəlki illərlə müqayisədə azalmanın olduğunu görmək olar. Məlumat üçün bildirim ki, 2016-cı ildə birinci mərhələdə bu imtahanda imtahanda iştirak etmək üçün 8109 abituriyent qeydiyyatdan keçmişdi. 2015-ci ildə isə Rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən birinci imtahanda iştirak edənlərin sayı 7873 idi ki, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti almışdı”.
https://mektebgushesi.az/

Bənzər yazılar