Son zamanlar kitaba olan marağın azalmasını görməmək üçün  gərək ya kor olasan,ya da özünü korluğa vurasan.Danılmaz faktdır ki,insanlar getdikcə mütaliədən uzaqlaşırlar.Rəsmi statistikaya görə Azərbaycanda kitab oxuyanların sayı ölkə əhalisinin 11%-ni təşkil edir.Bu da təxminən hər 10 nəfərdən birinin kitabla maraqlandığı anlamına gəlir.Avropaya inteqrasiya etməkdə olan ölkəmizi Avropa ilə müqayisə edəndə aradakı uçurum göz qamaşdırır.Orta hesabla Avropa ölkələrinin  vətəndaşlarının 60-70%-i kitab oxumağı özünə faydalı hesab edir.
BƏS PROBLEMİN KÖKÜNDƏ NƏ DURUR?
İnternetin həyatımıza daxil olması ilə kitaba olan marağın azalması arasında bir bağlılıq var.İnternet insanların əvvəllər əsas maraq sahəsi olan mütaliəni sözün həqiqi mənasında üstələdi və beləcə internet kitabla rəqabətdə qalib gəldi.Belə olan halda insanlar kitab ,jurnal,qəzet və bu kimi digər vasitələri oxumaqdansa,orda yazılan məlumatları internetdən oxumağa başladılar.Bu elə geniş vüsət aldı ki,həyatımızın ayrılmaz hissəsinə çevrildi.
 
YENİ SABİRLƏR,MİRZƏ CƏLİLLƏR…
Hər dövr öz görkəmli insanlarını yetişdirir.Hər zaman ehtiyac duyulan anlarda mütəffəkkir insanlar digərlərini öz arxasınca aparıb.Kitabın dəyərdən düşdüyü bir dövrdə,internetin at oynatdığı bir çağda belə insanlar yetişdirə bilirikmi?..Çox əfsuslar olsun ki,zamanın tələbi ilə gələcəyin Mirzə Cəlillərini,Sabirlərini,Hüseyn Cavidlərini sosial şəbəkələrdə yetişdiririk…Bəs necə olur öz ucuz dəyərlərini bizə sırayan avropalı özü bu soasial şəbəkələrin yaradıcısı ola-ola kitaba bizdən çox maraq göstərir?…Əgər insanlarımızın internetdən hansı məqsədlər üçün istifadə etdiyinə nəzər salsaq,böyük çoxluğun internetdəki fəaliyyəti əsasən sosial şəbəkələrlə məhdudlaşır.Bu sosial şəbəkələrdən ən çox istifdə edənlər gənclərdir.Bakı şəhərində 100 nəfər gənc arasında apardığım sorğudan məlum oldu ki,gənclər asudə vaxtlarında ən çox sosial şəbəkələrdə vaxt keçirməyə üstünlük verirlər.Sorğunn nəticəsindən aydın oldu ki,kitabsevər gənclərin sayı barmaqla sayılası qədərdir.
DIRNAĞARASI DOSTEYEVSKİLƏR…
Tələbənin ən yaxın dostu kitab olmalıdır.Bu ifadə zaman-zaman bir çox şəxslər tərəfindən işlədilib,amma indi buna əməl edən tələbələrin sayı yetərincə deyil.İmtahanları birtəhər yola verim prinsipini əlində bayraq edən əksər “tələbələrimiz” bayırda-bucaqda özlərini elə aparırlar ki,guya “Cinayət və Cəza”nı Dosteyevski yox,məhz bunlar yazıb.Bu qəbildən olan tələbələr arada  həqiqət güzgüsünə baxsalar yaxşı olar.3-5 nəfəri aldatmaqla əslində özünü aldadan belə tələbələr cəmiyyətin inkişafına hərtərəfli sədd rolunu oynayır.
HƏSRƏT NƏ VAXT BİTƏCƏK?
Kitabxanalarımızdakı oxucu azlığı yaralı yerlərimizdən biridir.Minlərlə kitab illərdir ki,həsrətlə öz oxucularını gözləyir.Bu toz bağlamış kitabların  naləsinə səs verən insanlar heç olmasa kitabları az da olsa sevindirir.Məsələnin ən maraqlı tərəfi budur ki,kitab həvəskarlarını,obrazlı desəm kitabların qəm fəryadına cavab verən insanları bəzən gülüb ələ salırıq.Onlara gülməkdənsə öz acınacaqlı vəziyyətimizə ağlasaq daha yaxşı olar…
Həmid Məcidov
 

Bənzər yazılar