22 noyabr 2016-cı il. Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsounqas Bakı Slavyan Universitetinin (BSU) qonağı olmuşdur. Səfiri universitetin rektoru, professor Nuralana Əliyeva qəbul etmiş, Yunanıstanın diplomatik korpusu tərəfindən BSU-ya göstərələn mütəmadi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. N.Əliyeva, ümumiyyətlə, Azərbaycanda yunan mədəniyyətinə, ədəbiyyatına, fəlsəfəsinə, tarixinə, mifologiyasına bütün zamanlarda böyük maraq olduğunu qeyd etmişdir. Nurlana xanım BSU-da Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsini də bu ənənəvi maraq və sevgi ilə bağlı olduğunu cənab səfirin diqqətinə çatdırıb. BSU-nun rektoru universitetdə 44 tələbənin yunan dili və ədəbiyyatını öyrəndiyini vurğulamış və ölkələrimiz arasında çox səmimi münasibətlərin hökm sürdüyünü qeyd etmişdir.
Rektor daha sonra Yunanıstan Respublikasının sabiq Prezidenti Konstantinos Stefanopulosun vəfatı ilə əlaqədar səfirə başsağlığı vermişdir. N.Əliyeva BSU-nun Yunanıstan səfirliyi ilə münasibətlərinin bundan sonra daha da dərinləşəcəyini qeyd edərərək demişdir: “ Dekabrın 16-da BSU 70 illik yubileyini qeyd edəcək və sizi bu möhtəşəm tədbirimizdə iştiraka dəvət edirəm. Həmin tədbirdə gənclərimiz yunan mədəniyyətini də təbliğ edəcəklər. Bu məqsədlə indidən yunan milli geyimlərinin hazırlanması üçün sifariş verilib. Bu tədbirdə tələbələr çıxış edərək, yunan ədəbiyyatından nümunələr səsləndirəcəklər”.
Səfir cənab Dimitrios Tsounqas öz növbəsində səmimi qarşılanmaya görə BSU rektoruna dərin minnətdarlığını bildirərək, universitetlə əlaqlərinin qısa tarixinə ekskurs etdi. O, Bakıda olduğu 4 il ərzində təxminən 15 dəfə bu universitetə gəldiyini, səfirliyini yunan dilini öyrənən tələbələrlə səmimi münasibətlər qurduğunu vurğuladı. Yunan dilini öyrənən bir neçə tələbənin adını çəkərək, dili mükəmməl bildiklərinə görə onları dəfələrlə tədbirlərinə dəvət etdiklərini də diqqətə çatdırdı. Səfir yunan dilinin dünyanın mürəkkəb dillərindən olmasına baxmayatraq, azərbaycanlı gənclərin ona yüksək səviyyədə yiyələndiklərini xüsusilə qeyd etmişdir. Qonaq daha sonra əlavə etmişdir: “Mən burada özümü doğma evimdəki kimi hiss edirəm. Universitetdə ciddi dəyişikliklər olsa da, ənənəvi dostluğumuzda və münasibətlərimizdə heç bir dəyişiklik olmayacaq. Əksinə, ümid edirəm ki, əlaqələrimiz daha da dərinlşəcək”.
Dimitrios Tsounqas sonra rektorluğa qədim və müasir Yunanıstan tarixinin və mədəniyyətinin əks olunduğu nəfis “Yunanıstan” kitabını bağışlamış və şəxsən xanım rektora Olimpiya çələnginin rəmzi həkk olunmuş kiçik daş lövhəni hədiyyə etmişdir.
Sonra qonaq və universitet rəhbərliyi Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində tələbələrlə görüşmüşlər. Dimitrios Tsounqas tələbələrə səfirliyn adından Yunanıstanda ilk Olimpiadanı əks etdirən fotolar hədiyyə etmişdir. Görüşün sonunda tələbələrlə səfir arasında yunan dilində maraqlı dialoq olmuş və xatirə şəkilləri çəkililmişdir.

Bənzər yazılar