2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 31779 nəfərdən 23411-i qadın olub. Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi”nin bu gün keçirilən açılış mərasimində deyib. İdarə rəisi qeyd edib ki, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib. M.Hacıyeva əlavə edib ki, Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinin rəhbərlərindən əksəriyyəti qadındır. Ali təhsil müəssisələrində 4 rektor, 12 prorektor, orta ixtisas təhsili müəssisələrində 7 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsili müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1202 (26,5 %) məktəb direktoru qadındır. Nazirlik rəsmisinin sözlərinə görə, elm sahəsində də qadınların sayı ilbəil artır. O qeyd edib ki, 2070 doktorantdan 1052 nəfəri qadındır.

Bənzər yazılar