Müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil edirlər. İndiyədək saxta nəşrlərin satışının qarşısının alınmasında xeyli operativ tədbirlər görülsə də, təəssüf ki, saxta nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb. Mütəmadi olaraq keçirilən reydlər zamanı məlum olmuşdur ki, İbrahimov Anar Nəriman oğlu və Şıxəliyeva Mirvari Bahadır qızı onlara məxsus mağazalarda hüquqları “Abituriyent” Jurnalı Redaksiyasına məxsus kitabların pirat nüsxələrinin qeyri-qanuni üsulla satışını həyata keçirirlər.
Qeyri qanuni fəaliyyətin qarşısının alınması xahişi ilə “Abituriyent” Jurnalı Redaksiyası tərəfindən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə müraciət olunmuş və Agentlik kitabların pirat olması, onların istehsalı və satışında müəllif hüquq qanunvericiliyinin pozulması barədə müvafiq rəy vermişdir. Adları qeyd olunan şəxslər “Abituriyent” Jurnalı Redaksiyası ilə kitabların buraxılması və satışı ilə bağlı heç bir müqavilə bağlamamış, bununla da “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası qanununun 14-cü, 15-ci və 30-cu maddələrinin tələblərini pozmuşlar.
Qeyd olunanlarla əlaqədar “Abituriyent” Jurnalı Redaksiyası İbrahimov Anar Nəriman oğlu və Şıxəliyeva Mirvari Bahadır qızına (üçüncü şəxs: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi) qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışının qadağan edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.
2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2 (82)-2209/2015 saylı iş üzrə qəbul etdiyi 17 noyabr 2015-ci il tarixli qətnamədə cavabdehlər İbrahimov Anar Nəriman oğluna və Şıxəliyeva Mirvari Bahadır qızına məxsus mağazalarda “Abituriyent” Jurnalı Redaksiyasının hüquq sahibi olduğu kitabların aşkar edilmiş pirat nüsxələrinin satışdan çıxarılaraq məhv edilməsi, kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi, Bakı Apelyasiya Məhkəməsinin qərarında isə kitabların pirat nüsxələrinin satışının həyata keçirilməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq cavadehlərin hər birindən pul kompensasiyasının tutularaq “Abituriyent” Jurnalı Redaksiyasına ödənilməsi müddəası öz əksini tapmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” Jurnalı Redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcəkdir. Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan TQDK və “Abituriyent” Jurnalı Redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla sürətinin çıxarılması qadağandır!

Bənzər yazılar