Kimya müasir cəmiyyətin inkişafında, elmi texniki tərəqqidə mühüm rol oynayan təbiət elmlərindən biridir. Bizi əhatə edən maddi aləmdə elə bir sahə yoxdur ki, kimya oraya inteqrasiya etməmiş olsun.

Kimyanın inkişafı insanların maddi rifah halının yaxşılaşması, sənayenin bütün sahələrinin coşqun inkişafı deməkdir. Müasir kimya həm də bolluğun açarıdır. Kimya və neft-kimya sənayesinin inkişafı cəmiyyətin inkişafı və elmi texniki tərəqqiyə xidmət edir. Müasir kimyanın əsasını qoyanlardan olan rus kimyaçısı M.V.Lomonosov “Kimya haqqında söz” əsərində yazırdı: “Kimya öz əllərini bəşəriyyət işlərində geniş uzadır, biz hara baxırıqsa gözlərimiz önündə onun nailiyyətləri canlanır”. Bu sözlər hazırda da aktual olaraq qalır və zəmanə ilə uzlaşır. Kimya yüksək dərəcədə inkişaf etmiş həyatımızın bütün sahələrinə nüfuz edərək, insanların həyatında mühüm rol oynamaqda davam edir. Sirli, anlaşılmaz görünən bir çox hadisələr kimya sayəsində aydınlaşdırılır və hazırda da aydınlaşmaqda davam edir. Kimyanı möcüzələr aləmi adlandırmaq olar. Kimyanın tətbiq sahələri genişdir. Kimya həyatımızla sıx surətdə bağlı olan bütün elm və sənaye sahələri ilə vəhdətdədir. İnsanlar qədim zamanlardan kimyəvi maddələrdən istifadə etmişlər. Mağara adamları tonqalda qalan kömürdən mağara divarlarında rəsmlər cızırdılar. Onlar, əlbəttə, kömürün əslində kimyəvi element olan karbon olduğunu bilmirdilər. Bundan başqa tonqalda dəmir filizinin əriməsi nəticəsində alınan kütlədən müxtəlif alətlər düzəldirdilər. Hətta tunc belə ala bilirdilər.
Qədim insanlar qurğuşun və civə də alırdılar. Təmiz halda rast gəlinən kükürd, qızl, gümüş və misi daha asan əldə edirdilər. Su hövzələri kənarındaqalanan ocaqların yerində qalan ərinmiş qumdan çox sonralar şüşə istehsalını öyrəndilər. Belə misalları sonsuz sayda sadalaya bilərik. Bunlar kimyanın qədimliyini göstərən misallardır. Hal-hazırda kimya, fizika və biologiyanın inkişafı sahəsində daha böyük kəşflərə imza atılır. Təbiətdə hazır şəkildə mövcua olan və mövcud olmayan bir çox maddələrin alınması tibbin, məişətin (məişət texnikalarının), xalq təsərrüfatının, neft-kimya sənayesinin, maşınqayırmanın, kosmosun fəth olunmasının və bir çox digər sənaye sahələrinin inkişafına təkan vermişdir.İndiki dövrdə kimyanın tətbiq sahələrini saymaqla qurtarmaq mümkün deyil, onun tətbiq dairəsi çox genişlənmişdir. Kimya qida sənayesinə belə nüfuz edib. Yer üzərində əhalinin sürətlə artması sintetik kimyanın inkişafını labüd etmişdir. Həyat üçün zəruru olan qida məhsulları ilə əhalini təmin etmək, xüsusilə bəzi dünya ölkələrində aclıq çəkən insanlara yardım etmək, süni yolla yağların, karbohidratların sintezi, içməli su mənbələrinin kəşfi və bir çox digər problemlərlə məşğul olan kimya alimləri böyük nailiyyətlər əldə ediblər. Əsas məsələ təbii qidadan fərqlənməyən süni qida əldə etməkdir ki, bu cəhətdən kimyanın qarşısında geniş imkanlar mövcuddur. Hətta süni zülalın istehsalı belə elə də mürəkkəb məsələ deyil. Süni zülal istehsalı üçün neftin ən ucuz xammal mənbəyi olması artıq aşkar edilib. Süni heyvan yemlərinin, bitkilər üçün gübrələrin kəşfi də qidasənayesinin inkişafına yardım edən faktorlardandır.
Klonlaşdırılmış qoyunlar, inəklər sayəsində qida sənayesi inkişaf edir. Geni dəyişdirilmiş bitki toxumlarından istifadə etməklə də məhsuldarlığı artırırlar. Lakin təbii yolla qidaların əldə edilməsi günün ən vacib və mühüm məsələsi olaraq qalır. Alimlərin hesablamalarına görə hazırda planetimizdə yetişən bitkilərdən alınan məhsulların yalnız 7-8 faizindən istifadə olunur. Bitkilərin orta məhsuldarlığı da aşağıdır. Yüksək bioloji məhsuldarlığa çatdıqda isə bu rəqəmi istənilən səviyyəyə qaldırmaq mümkün olacaq. Hətta 40 milyard əhalini qidalandırmaq mümkün olar. Bu sahədə kimyaçıların üzərinə böyük işlər düşür və onların kəşflərinin əhəmiyyəti böyükdür. Kimya məişətimizdə də geniş yer tutur. Məişətdə böyük nailiyyətlər əldə etmiş kimya sayəsində insanlar təbii liflərdən başqa süni liflərdən də istifadə etməyi öyrənmişlər. Ağac sellülozundan hazırlanan nitrat, biskoz, asetat ipək lifləri geniş tətbiq edilir. 1 m3 oduncaqdan 1500 metrə qədər ipək parça istehsal edilir. Bu qədər parçanı hazırlamaq üçün 25 min qoyunun yunu, ya da 4 milyona yaxın barama qurdunun ipəyi istehsal edilməlidir.Süddən, soya və küllücə bitkilərindən, eləcə də, neft və daş kömürdən sintez edilən liflər, dəri əvəzedicilərindən sistetik dərilər hazırlanması yüngül sənayenin inkişafına təkan verib.
Sintetik kauçukun, plastik kütlələrin kəşfi və istehsalı, onların tətbiq sahələrinin müəyyən edilməsi kimyanın nailiyyətlərindəndir. Plastik kütlələr texnikada geniş tətbiq olunur, alüminium, mis və dəmir kimi metalları getdikcə sıxışdırır. Bu maddələr həddən artıq yüngül və möhkəmdir. Təyyarə, mebel, radiotexnika istehsalında, maşınqayırma, gəmiqayırma, dəzgahqayırmada, məişətimizdə istifadə olunan qab-qacaq istehsalında plastik kütlələrdən istifadə olunur. Kənd təsərrüfatında kimyəvi maddələrdən-gübrələr, herbisidlər, insektisidlər, zoosidlər və sairədən istifadə edilməsi məhsuldarlığın artmasına, bitkilərin ziyanverici və xəstəliklərdən qorunmasına şərait yaradır. Tibbin inkişafında da kimyanın rolu danılmazdır. İnsanların sağlamlıq keşiyində dayanan müasir təbabətdə işlənən minlərlə dərman maddələri, müalicə vasitələri kimyanın məhsuludur. İnsanların sağlamlığının mühafizə edilməsində həkimlərin yardımçısı olan dərman preparatlarının kəşfi və istehsalında kimyanın görkəmli rolu vardır.
Sintetik kimyanın köməyi ilə minlərlə dərman preparatları hazırlanıb ki, bu preparatlar vasitəsilə müxtəlif xəstəliklərlə mübarizə aparmaq, onları müalicə etmək mümkün olmuşdu. Məsələn, qızdırma xəstəliyinə qarşı kinə ağacının qabığından çıxarılan cövhərdən istifadə edilirdi, indi isə sintetik üsulla alınan dərman preparatları bu xəstəliklə daha effektiv mübarizə aparmağa imkan verir. Habelə, peyvəndlərin aparılması üçün istifadə edilən zərdabların, yuxugətirən, temperaturu, qan təzyiqini aşağı salan ağrıkəsici və bir çox dərman preparatlarının sintetik yolla istehsalı qorxulu xəstəlikləri müalicə etməklə on minlərlə insanın həyatını xilas etməkdə həkimlərin bir nömrəli köməkçiləridir. Minlərlə misal söyləməklə sintetik kimyanın nailiyyətləri barədə danışa bilərik. Biz bilirik ki, insan orqanizmində minlərlə reaksiyalar gedir. Bu reaksiyalar nəticəsində əmələ gələn maddələr insanların yaşaması və fəaliyyət göstərməsində mühüm rol oynayır. İnsan orqanizmində mövcud olan onlarla kimyəvi elementlər, eləcə də qida ilə qəbul etdiyimiz maddələr mühüm biokimyəvi və fizioloji proseslərdə yaxından iştirak edir və böyük funksiyalar daşıyır.

Gülpəri Əhmədova
Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin kimya müəlliməsi

Bənzər yazılar