Günəş – Günəş sisteminin mərkəzində yerləşən ulduz. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir.
Süd Yolu qalaktikasının bilinən təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur.[4] Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 C°, nüvəsinin istiliyi isə 15,6 milyon C°-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır. Qalan enerji boşluqda yox olur. Günəşin şüaları 8,44 dəqiqəyə Yerə çatır. Günəş Yerə ən yaxın ulduzdur. Günəşin cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən 28 dəfə çoxdur.
Günəş kütləsinin 74%-ni və həcminin 92%-ni təşkil edən Hidrogen, kütləsinin 24-25%-ni[5] və həcminin 7%-ni təşkil edən Helium başda olmaqla Fe, Ni, O, Si, S, Mg, C, Ne, Ca və Cr kimi elementlərdən ibarətdir.[6] Günəşin daxil olduğu ulduz sinfi G2V-dir. G2 Günəşin səth istiliyinin təqribən 5780 K olması və bu səbəbdən də onun ağ rəngə sahib olması mənasına gəlir. Günəş şüaları atmosferdən keçərkən qırılır və bu səbəbdən də Günəş Yerdən baxan müşahidəçi üçün sarı rəngdə görünür. Buna səbəb Reyli səpilməsi nəticəsində yetərli səviyyədə göy işığın qırılması səbəbindən geridə sarı görünən işığın qalmasıdır. Spektri içində ionlaşmış və neytral metallar olması ilə yanaşı çox zəif hidrogen xətləri də vardır. V isə Günəşin də çox ulduz kimi əsas qolda olduğunu göstərir.
Enerjisini Hidrogen nüvələrinin nüvə birləşməsi reaksiyası nəticəsində Heliuma çevrilməsindən əldə edir. Günəş hidrostatik tarazlıq vəziyyətindədir. Saniyədə 600 milyon ton Hidrogen Heliuma çevrilir. Bu da Günəşin hər saniyə 4,5 milyon ton yüngülləşməsinə səbəb olur. Günəşdəki nüvə birləşməsi reaksiyaları nəticəsində qızılı-qırmızımtıl alov 15-20 min kilometr yüksəlir və Günəş fırtınası meydana gəlir. Süd Yolu qalaktikasında 100 milyondan artıq G2 sinfinə daxil olan ulduz vardır. Günəş Süd Yolundakı ulduzların 85%-dən daha parlaqdır. Günəşdən daha sönük olan ulduzların çoxu qırmızı cırtdan ulduzlardır.
Günəş sistemi ilə birlikdə Süd Yolu qalaktikasının mərkəzi ətrafında hərəkət edir və ondan təqribən 25-28 min işıq ili uzaqlıqda yerləşir. Günəş qalaktika mərkəzi ətrafındakı bir dövrünü təqribən 225-250 milyon ildə bir tamamlayır. Qalaktika mərkəzi ətrafındakı sürəti təqribən saniyədə 220 kilometrdir. Bu da hər 1400 ildə bir işıq ilinə bərabər məsafə qət etməsi deməkdir.
Günəş Süd Yolunun daha böyük qolları olan Persey və Oxatan qolları arasında qalan Orion qolunun iç hissəsində, Yerli ulduzlararası buludda yerləşən Yerli qabarcıqda yerlesir.

Bənzər yazılar